Psixoloq sirləri açdı: “Sosial şəbəkədə tanış olub evlənənlər ata-analarına deyir ki...” – MÜSAHİBƏ

Psixoloq sirləri açdı: “Sosial şəbəkədə tanış olub evlənənlər ata-analarına deyir ki...” – MÜSAHİBƏ

Münasibətlər üzrə mütəxəssis Elnarə Kərimovanın “Yeni Sabah”a Milli Sevgililər Günü – 30 iyunla bağlı verdiyi müsahibəni təqdim edirik:

-  Elnarə xanım, sizcə niyə bu gün 14 fevral kimi təmtəraqlı qeyd olunmur?

-  30 iyunun 14 fevral kimi geniş çevrədə qeyd olunmamasının səbəbləri var. Birinci səbəb odur ki, 14 fevralla bağlı təbliğat 30 iyuna nisbətən daha çox gedib və insan düşüncəsini dəyişdirmək o qədər asan deyil. İkinci səbəb odur ki, 30 iyun tarixi həm də şəhidlərimiz İlham və Fərizənin toy günüdür, yəni həm də şəhidliklə simvolizə olunur. Bəlkə də insanlar şəhidlərin adını uca tutaraq həmin günü hətta onların toy günü olsa belə, xüsusi gün kimi qeyd etmək istəmirlər, ürəklərindən gəlmir. 

- Hazırkı sevgilər əsasən sosial şəbəkə üzərindən tanışlıqla başlayır, bəzən evliliyə qədər gedir. Buna münasibətiniz?

- Bir neçə il əvvəl sosial şəbəkələrdə tanış olub daha sonra ailə quranlar bu barədə ailələrdə danışmağa çəkinirdilər. Dəfələrlə şahidi olmuşam ki, “Facebok”-da tanış olub sonra evlənən cütlüklər ata-analarına küçədə, iş yerində, universitetlərdə tanış olduqlarını deyiblər. İndi “Facebook”-un yerini “TikTok” tutub, indi orda tanış olub evlənənlər eyni sözləri deyirlər.

Yəni “Facebook”-a olan münasibət yerini “TikTok”-a verib. Lap əvvəl isə küçədə təsadüfən tanış olub evlənmək normal qarşılanmırdı. Yəni zaman-zaman vəziyyət dəyişdiyi kimi, baxışlar da dəyişir.

- İnsanlar sosial şəbəkələrdə gördükləri “mükəmməl cütlüklər”ə baxaraq öz münasibətlərini qiymətləndirərkən nələri itirirlər?

-  Uğurlu və uğursuz münasibət bütün platformalarda mümkündür. Amma Azərbaycanda hələ ictimai rəy elədir ki, hətta evlənən tərəflərin özləri belə sosial şəbəkədən başlayan münasibətə həyatlarının hansısa dönəmində ciddi yanaşmaya bilərlər. Yəni bu gün xoş görünən vəziyyət  sabah tərəflərdən birinin digərini ittiham etməsinə də səbəb ola bilər.

Müqayisə yanlış ola bilər. Amma, məsələn, sevgili, nişanlı dönəmində nikah müqaviləsini özünə yaxın buraxmayan cütlüklər münasibət alınmayıb boşandıqları zaman bir cüt sırğa və ya paltaryuyan üçün məhkəmələrə ayaq döyürlər. Məşhur  filmdə deyildiyi kimi, nə qədər ki, adaxlıdılar yaxşıdırlar, elə ki, evləndilər, üzlərini görmə.

- Cütlüklərə nə tövsiyə edirsiniz?

-  Həyatımız bütünlüklə sosial şəbəkəyə daşınıb, bu reallığı qəbul etməliyik. Müsbət tərəfləri var, informasiya əlçatanlığı, məlumatı tez əldəetmə baxımından yaxşıdır. Amma eyni zamanda bütün həyatı sosial şəbəkədə yaşamaq olmaz. Bəzən deyirlər ki, xoşbəxt adamlar axşamlar sosial şəbəkədə olmur, onlar öz xoşbəxt həyatlarını real yaşayırlar.

Təbii ki, işi gərəyi ilə buna məcbur qalanlar, məsələn, jurnalistlər istisna olmaqla. Amma təəssüf ki, bir çox hallarda sosial şəbəkələr insanları təhrikedici məkana çevrilir, özünütəsdiq bacarığı olmayan, özgüvən əskikliyi yaşayanlar sosial şəbəkədə tanımadığı, bilmədiyi şəxslərin paylaşımlarını mütləq həqiqət kimi qəbul edərək öz həyatları ilə müqayisə edir və yanlışlığa yol verirlər. Heç nə göründüyü kimi deyil, sosial şəbəkədə gənc qızın qucağında poz verdiyi qızılgül dəstəsi məzarın üstündən də götürülmüş ola bilər. Bunu unutmasınlar.

"Cebheinfo.az"