Süni intellekt astroloqları da əvəzləyəcək? - Səbuhi Rəhimli

Son zamanlar insanların süni intellektə marağı kifayət qədər artıb.
Hətta ən bəsit məlumatları belə ondan soruşurlar.
Bəziləri isə süni intellektlə dost kimi danışır. Yəni artıq onun kifayət qədər həyatımızın mərkəzində olduğunu desək, yanılmarıq. Süni intellektin təsir dairəsini artırması bir çox sahələrə təsirsiz ötüşmür. Onlardan biri də astrologiyadır. Belə ki, artıq əhalinin əksəriyyəti bürc proqnozları üçün astroloqa deyil, süni intellektə müraciət edirlər. Yəni süni intellektin bürcləri də deməyə başladığı bir zamana gəlib çatmışıq.
Maraqlıdır, süni intellekt astroloqları əvəz edə bilər?
Mövzu ilə bağlı tanınmış astroloq Səbuhi Rəhimli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, süni intellekt axır-əvvəl bu səviyyəyə çatmalı idi:
“Çünki işi asanlaşdırır. Məsələn, tikintidə işləyən mütəxəssis təkbaşına bir həftəyə quracağı bina smetasını süni intellekt dəqiqələr içərisində hazırlayır. Hətta artıq ölkəmizdə bəzi kliplər süni intellektlə çəkilir.
Xalq artisti Faiq Ağayevin “Gül” klipi buna gözəl nümunədir. Lakin bunlar hələ ilkin addımlardır, süni intellekt getdikcə təkmilləşəcək. Bəlkə də gələcəkdə aktyorlara belə ehtiyac olmayacaq. Yəni onları da süni intellekt əvəzləyə bilər. Artıq bunun ilkin işartıları da görünür”.
O, süni intellektin astrologiya sahəsinə təsiri barədə də danışıb:
“Mən süni intellektin astrologiya sahəsinə təsirinə pis baxmıram. Çünki bir çox işi asanlaşıdırıb. Məsələn, bu yaxınlarda Türkiyədə olan bir dostum dedi ki, istənilən 1 dəqiqəlik videounu mənə göndər. Mən də çıxışlarımdan bir hissə kəsib göndərdim. Ardınca həftəlik proqnozumu yazılı şəkildə göndərməyimi istədi. Sonra isə mənə bir video göndərdi.
Gördüm ki, süni intellektlə paltarımı dəyişib və arxaya çox gözəl fon qoyub. Üstəlik, videoda mən yazdığım mətni səsləndirirdim. 10 dəqiqə keçəndən sonra həmin videonu alman, ingilis və ərəb dillərində göndərdi.
Hətta tələffüzüm belə həmin dillərə uyğunlaşmışdı. Mən həmin videolara baxıb heyran oldum. Bu baxımdan, süni intellektin imkanları çox böyükdür”.
Səbuhi Rəhimli qeyd edib ki, süni intellekt özü düşünmür, haradasa olan məlumata istinad edir:
“Yəni o astroloji proqnozu da kimdənsə götürür. Süni intellekt özü bürclərlə bağlı proqnoz vermir. Kiminsə haradasa dərc olunmuş proqnozlarını göndərir. Onun da nə dərəcədə elmi olduğu sual altındadır. Lakin ümumi götürdükdə, süni intellektin və texnologiyanın heç bir zərəri yoxdur. Bütün bunlar insanlığa xidmətdir”.
Elmir Mustafa
“Cebheinfo.az”