Kreml düyməyə basıb: Azərbaycan və Ermənistanda eyni anda...

Kreml düyməyə basıb: Azərbaycan və Ermənistanda eyni anda...

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan dövlətinin Yekaterinburqda baş vermiş hadisəyə görə qəbul etdiyi qərarlardan təəssüf hissi keçirdiyini deyib. 

Peskov dolayısı ilə 5 nəfər azərbaycanlının Rusiya Xüsusi Təyinatlı Milis Dəstəsi tərəfindən işgəncələrlə öldürülməsinə və bir neçə nəfərin isə ağır xəsarətlər alması faktına rəsmi Bakıdan laqeyd münasibət gözlədiklərini demək istəyir. 

Sanki Rusiya dövlət orqanları azərbaycanlılara qarşı istənilən cinayəti törədə, milli ayrıseçkiliyə yol verə bilər, amma Azərbaycan tərəfi buna göz yummalıdır. Çünki Rusiyanın hər zaman qeyri-ruslara, xüsusilə də postsovet məkanında yaşayan xalqlara qarşı imperiya təfəkkürü ilə davranıb. 

100-150 il öncə Rusiya imperiyasının zabitləri Azərbaycan xalqına qarşı hansı münasibəti sərgiləyirdisə, bu gün həmin siyasət davam etdirilir. Gah sərnişin təyyarəsini vurur, gah da azərbaycanlıları işgəncə ilə öldürtdürür. Amma Kremldə oturanlar bütün bu cinayətlərə yol verənləri nəinki cəzalandırmır, hətta bu qanunsuzluğu etiraf etmək belə istəmir. 

Peskov bildirib ki, Yekaterinburqda baş vermiş hadisə ilə bağlı Rusiya və Azərbaycan prezidentləri arasında telefon danışığı gözlənilmir. Halbuki, insanların zorakılıqla, ağlasığmaz işgəncələrlə qətlə yetirilməsi halları baş verib. Rusiya hüquq-mühafizə orqanlarına bu səlahiyyəti kim verib? Əksinə, Rusiya “OMON”-u vəzifə səlahiyyətlərinin aşmaqla cinayət törədib.

Prezident Putin isə bu cür üsullardan özünün siyasi iddialarının təmini üçün qonşu ölkələrə və xalqılara təzyiq aləti kimi istifadə edir. Ona görə də Azərbaycan Prezidenti ilə telefon söhbətindən yayınır. 

Rusiya İstintaq Komitəsinin iyunun 27-də Yekaterinburq şəhərində azərbaycanlıların Xüsusi Təyinatlı Milis Dəstəsinin əməkdaşları tərəfindən qətlə yetirlməsi faktı ilə yaydığı məlumat məsuliyyəti bir daha qarşı tərəfin üzərinə atmaq cəhdindən xəbər verir. 

Rusiya həmişə olduğu kimi, bu dəfə də qeyri-ruslara və miqrantlara hücum etməklə başqa ölkələrə qarşı təhlükə mənbəyi olduğunu xatırladır. Son zamanlar Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin Qarabağı “mübahisəli ərazi” adlandırması, “RİA Novosti” agentliyinin Kremlin Azərbaycandan Krımı və Ukraynanın işğal olunmuş digər bölgələrini Rusiya ərazisi kimi tanımaq istəyi, siyasi avantüra və şovinizm ruporu olan Solovyovun “Artsax” terminini işlədərək Qarabağda separatçı rejimin ləğvini təəssüflə xatırlatması Rusiyadanın daha böyük təhdidlərin gözlənildiyinə işarə idi. 

Bu baxımdan, baş verən hadisələrə daha geniş kontekstdə nəzər saldıqda, Rusiyanın məqsədi aydın olar. Bir tərəfdən azərbaycanlıların öldürülməsi, eyni vaxtda Ermənistanda Paşinyan hökuməti ilə kilsə arasında qarşıdurmanın dərinləşməsi Rusiyanın Cənubi Qafqazda geosiyasi fəallığını artırmaq cəhdlərindən xəbər verir. 

Ermənistanda ilk baxışda Baş nazir Paşinyan hücuma keçən tərəf kimi görünsə də, əsas təhlükə mənbəyi Rusiyadan siyasi dəstək alan kilsədir. 

Görünür, xüsusi xidmət orqanlarından daha ciddi informasiyalar əldə edən Paşinyanın əslində kilsəni deyil, Rusiyanın planlarını pozmaq üçün hərəkətə keçdiyini söyləmək olar. 

Baş naziri terror və silahlı çevriliş yolu ilə devirmək ittihamı ilə bağlı aparılan həbslər sui-qəsd göstərişinin birbaşa Moskvadan gəldiyini deməyə əsas verir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iyunun 30-da Ermənistana xəbərdarlığı isə göstərir ki, Cənubi Qafqaz ölkələrinin müstəqil siyasət yürütməsi Moskvanı narahat edir: 

“Əgər Ermənistan öz müttəfiqlərindən, ən yaxın tərəfdaşlarından, qonşularından üz döndərsə, o zaman erməni xalqına çətin ki, xeyri olacaq”,-deyə Lavrov bildirib. Ona görə də Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlıları qətlə yetirməsi, Moskvanın Paşinyanı terror yolu ilə devirib revanşist müxalifəti yenidən hakimiyyətə gətirmək cəhdləri yalnız imperiya gücünü nümayiş etdirmək məqsədi daşıyır. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”