Sabahdan qohumluq əlaqələri belə yoxlanılacaq - Nazirlik açıqladı

Sabahdan qohumluq əlaqələri belə yoxlanılacaq - Nazirlik açıqladı

Xəbər verildiyi kimi, Azərbaycanda qohumlar arasında nikah qadağan edilir. Azərbaycanda gələcək nəsillərin sağlamlığının qorunması və anadangəlmə xəstəliklərin qarşısının alınması məqsədilə iyulun 1-dən etibarən aralarında nikah bağlanmasına yol verilməyən qohumların dairəsi genişləndirilir. 

 

Bu barədə Ailə Məcəlləsinə dəyişiklikdə əksini tapıb. İyulun 1-dən Azərbaycanda qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlarının, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızının, həmçinin bibi (xala) və qardaş (bacı) oğlunun nikaha daxil olması qadağan olunur. Bu isə cütlüklərin nikahdan öncə qohumluq əlaqələrinin necə müəyyən ediləcəyi sualını gündəmə gətirir.

Ədliyyə Nazirliyindən "Cebheinfo.az"-ın sorğusuna cavab olaraq verilən məlumata görə, Ailə Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişikliyə əsasən, ümumi bioloji babası və ya nənəsi olan əmioğlu ilə əmiqızı, xalaoğlu ilə xalaqızı, bibioğlu ilə dayıqızı, bibiqızı ilə dayıoğlu, həmçinin əmi ilə onun qardaşı qızı, dayı ilə onun bacısı qızı, bibi ilə onun qardaşı oğlu və xala ilə onun bacısı oğlu arasında nikahın bağlanmasına icazə verilməyəcək. 

“Nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq münasibətlərinin olub-olmaması Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən yoxlanılacaq.

Əgər bu məlumatların sistem vasitəsilə əldə edilməsi mümkün olmazsa, nikaha daxil olmaq istəyən şəxslər və onların valideynlərinin doğum haqqında şəhadətnamələrinin surəti nikah ərizəsinə əlavə edilməlidir.

Həmin sənədlərin əldə edilməsi mümkün olmadıqda, qohumluq əlaqələrinin olub-olmadığının müəyyənləşdirilməsi üçün əlavə sənədlər tələb oluna bilər. Yoxlama nəticəsində yuxarıda qeyd olunan qohumluq əlaqəsi müəyyən edilərsə, qeydiyyat orqanı tərəfindən həmin şəxslərin nikahı qeydə alınmayacaq”.

Əfsanə

"Cebheinfo.az"