Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

İyunun 30-da Avropa Şurası Avropa İttifaqının (Aİ) Rusiyaya tətbiq etdiyi sektoral sanksiyaları daha altı ay uzadacağını açıqlayıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Avropa Şurasının yaydığı yazılı bəyanatda deyilir: “Şura bu gün Rusiya Federasiyasının Ukraynadakı vəziyyəti daha da gərginləşdirməsi fonunda sanksiyaların 6 ay, 2026-cı il yanvarın 31-nə qədər uzadılmasına dair qərar qəbul edib”.

İlk dəfə 2014-cü ildə Rusiyanın Ukraynanın Krım bölgəsini qeyri-qanuni ilhaqından sonra tətbiq edilmiş və 2022-ci ildə, hazırkı Ukrayna müharibəsinin başlaması ilə genişlənmiş sektoral tədbirlərə ticarət, maliyyə, enerji, texnologiya, nəqliyyat və lüks mallar üzrə məhdudiyyətlər daxildir.

Bəyanatda deyilir ki, Rusiyanın dəniz neftinin idxalına qadağa, iri bankların SWIFT beynəlxalq bank sistemindən çıxarılması və Aİ-də Kremlin dəstəklədiyi medianın fəaliyyətinin dayandırılması da tədbirlərə daxildir.

Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas “X” sosial şəbəkəsində yazıb: “Aİ bu gün rəsmi olaraq Rusiyaya qarşı sektoral sanksiyaların uzadılmasına razılıq verdi". O, Ukraynada müharibəyə son qoymaq üçün Moskvaya “təzyiqin artırılması” öhdəliyini təkrarən ifadə edib. “Hər bir sanksiya Rusiyanın müharibə aparmaq qabiliyyətini zəiflədir”, -deyə Kallas əlavə edib.

"Cebheinfo.az"