Zatulindən daha bir Azərbaycan düşmənçiliyi

Zatulindən daha bir Azərbaycan düşmənçiliyi

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin növbəti də anti-Azərbaycan bəyanatı ilə gündəmə gəlib.

O hesab edir ki, Azərbaycan heç vaxt Rusiyanın strateji tərəfdaşı olmayıb. 

“Cebheinfo.az” xəbər verir ki, Zatulin “Lenta.ru” ilə söhbətində Rusiya və Azərbaycan münasibətləri ilə bağlı fikirlərini bölüşüb.

Xatırladaq ki,  Azərbaycanın Mədəniyyət Nazirliyinin Rusiyanın dövlət və özəl qurumlarının təşkil etdiyi bütün mədəni tədbirləri ləğv etdiyi barədə məlumat yayılıb. Buna səbəb Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşlarının Sverdlovsk vilayətində, Yekaternburqda azərbaycanlılara qarşı ölümlə nəticələnən vəhşiliyi olub.

Deputat qeyd edib ki, Azərbaycan nə Avrasiya İqtisadi İttifaqının, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvüdür, onun üzvlərinə münasibətdə “strateji tərəfdaş” ifadəsi işlədilir: “Eyni zamanda, belə üzvlük açıq anti-Rusiya kursunun həyata keçirilməsindən qorunmur”. 

Zatulin sözlərində daha da irəli gedib: 

“Qarabağ erməni əhalidən təmizləndikdən sonra Azərbaycan Rusiyanın reaksiyasını nəzərə almır. Rusiya ilə xüsusi münasibətləri vurğulamaq zərurəti artıq əhəmiyyət kəsb etməkdən çıxıb”.

O  vurğulayıb ki, Azərbaycandan olan xeyli sayda insan Rusiyada əmək miqrantı kimi çalışır, Rusiya vətəndaşları arasında da xeyli sayda Azərbaycan vətəndaşı var.

"Ancaq eyni zamanda, Azərbaycan müstəqillik tarixi boyu ilk gündən strateji tərəfdaş olmayıb, bu, bizim tərəfimizdən səhvdir. Fikrimcə, Azərbaycandan şimal-cənub dəhlizinin elementi kimi istifadə etmək planlarımız çox problemlidir. Bu iş davam etsə də, hələlik irəliləyiş olmayıb", - deputat bildirib.

Xəzər
“Cebheinfo.az”