Kondisionerli qatarlarda kondisioner işləmir: "Çatdırmır"

Bakı metrosunda kondisionerli qatarlarda kondisionerin işləmədiyinin dəfələrlə şahidi oluruq.
Bir neçə gün öncə metroda qatarların birində şahid olduğumuz daha bir bənzər durumu nəzərinizə çatdıracağıq. Deməli, kondisionerli qatarda kondisioner işlək vəziyyətdə deyildi. Sərnişinlərdən biri maşinistlə əlaqə saxlayıb kondisioneri qoşmasını istəyib, qatarda isə hər zaman olduğu kimi sıxlıq olub. Maşinist isə cavabında kondisionerin çatdırmadığını deyib, halbuki qoşulu deyildi, əvəzində kondisionerli qatar olmasına rəğmən pəncərələr açılmışdı ki, insanlar rahat nəfəs alsın.
Ümumiyyətlə, kondisionerli qatar deyə mindiyimi qatarların hamısında müşahidə elədiyimiz durum budur ki, kondisioner ya yandırılmır, ya da yalnız stansiyada dayananda işə qoşulur, stansiyadan yola düşəndə isə dayandırılır.
Bəs buna səbəb nədir? İsti yay günlərində qatarlarda kondisioner niyə işlək vəziyyətə salınmır?
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Cebhe.info"-ya açıqlamasında deyib ki, kondisionerli qatarda hansısa nöqsan aşkarlanarsa, elektrik deposuna göndərilir:
"Həmin xətti yoxlamaq, müvafiq araşdırmanı aparmaq, müayinəni təmin etmək qeyri-mümkün olduğundan mütləq qatar depoya çıxarılmalıdır. Kondisionerli qatarların çalışdığı cəmi 1 elektrik deposu var. Bu, o deməkdir ki, qatar dövrəni vurduqdan sonra depoya göndərilməlidir. Qapı açılanda hava axını 10-15 saniyə kondisionerli qatara daxil olub mikroiqlimi normadan artıq edəndə kondisioner güclü rejimdə çalışmağa başlayır. Ancaq maşinistin kondisionerə müdaxilə etmək ehtimalı sıfıra bərabərdir. Qatar xəttə çıxanda sistem avtomatik qoşulur".
Naibə
"Cebhe.info"