Qubada “Konstitusiya və Suverenlik ili” çərçivəsində tədbir keçirilib - FOTOLAR

Qubada “Konstitusiya və Suverenlik ili” çərçivəsində tədbir keçirilib - FOTOLAR

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Konstitusiya və Suverenlik ili” çərivəsində icra olunan “Şəhidlərin qəhrəmanlıqlarının təbliği” layihəsinin növbəti tədbiri Quba rayonunun Vəlvələ kəndində təşkil olunub.

"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, Quba rayonu Vəlvələ kənd tam orta ümumtəhsil məktəbinin akt zalında keçirilən tədbirdə Quba rayonunun Vəlvələ, Talabıqışlaq, İsnovqışlaq, Mirzəqişlaq, Bərqov, Paşaoba, Çiçi və Xaroşa kəndlərindən olan 40 nəfər yeniyetmə və gənc müəllim 8 komanda tərkibində Nə? Harada? Nə zaman? oyunu üzrə intellektual turnirdə mübarizə aparıb.

Tədbirin açılış mərasimində çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov layihənin icra edilməsində əsas məqsədin Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıqlarının, Qarabağda formalaşmış görkəmli tarixi şəxsiyyətlərinin fəaliyyətinin, eyni zamanda Qarabağ tarixinin, ədəbiyyatının, incəsənətinin, musiqisinin, Qarabağda aparılan abadlıq-quruculuq işlərinin intellektual oyunlar vasitəsilə yeniyetmə və gənclər arasında təbliğ edilməsi olduğunu bildirib.

Bir dövrəli dairəvi sistem üzrə keçirilən turnirdə qalib adını Çiçi kəndini təmsil edən “Mübarizlər” komandası qazanıb. Talabıqışlaq kəndini təmsil edən “Dəmir yumruq” və Mirzəqişlaq kəndini təmsil edən “Turan” komandaları yarışda müvafiq olaraq ikinci və üçüncü yerləri tutaraq final mərhələsində oynamaq hüququ əldə ediblər.

Qalib və mükafatçılar müvafiq olaraq kubok, medal, diplom və bədii ədəbiyyat nümunəli kitablarla təltif edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Konstitusiya və Suverenlik ili”nə həsr olunan “Şəhidlərin qəhrəmanlıqlarının təbliği” adlı layihə çərçivəsində Quba rayonunun daha 4 kənd zonasında seçim turları keçiriləcəkdir.

"Cebheinfo.az"