Gürcüstanda itkin düşən Aytacdan 40 gündür xəbər yoxdur - VİDEO

Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Qardabani rayonunun Kosalı kənd sakini Aytac Məmmədova aprelin 1-də Tbilisidə itkin düşüb.
21 yaşlı soydaşımızdan 40 gündən çoxdur ki, xəbər yoxdur.
"Cebheinfo.az" Baku TV-yə istinadən xəbər verir ki, qızın nənəsi Limon Əliyeva hazırda nəvəsinin axtarışlarının davam etdiyini, hələ də bir nəticə vermədiyini bildirib.
Aytac ailəsi ilə sonuncu dəfə dostunun doğum gününə getməsi barədə danışıb. Oradan ayrıldıqdan sonra qız anasına səsli mesaj göndərib və əlaqə tamamilə kəsilib.
“Rəfiqəsinin ad gününə getmək istəmirdi. Özüm göndərdim ki, gedib bir az dincəlsin. Əlaqə saxlayırdım. Sonuncu dəfə gecə səsyazısı göndərdi. “Gecən xeyrə qalsın. Səni öpürəm, heç nəyə üzülmə, sən yaxşı şeylərə layiqsən”, - deyirdi. Bir dəqiqə keçməmiş zəng edəndə, cavab vermədi”, - deyə itkin düşən qızın anası Elza Omarova söyləyib.
A. Məmmədova Tbilisi Dövlət Universitetinin ikinci kurs tələbəsidir və o, təhsili ilə əlaqədar paytaxtda yaşayıb. Qızın Tbilisidə Kür çayına düşdüyü ehtimal edilir və axtarışlar həm quruda, həm də suda davam etdirilir. Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, A. Məmmədovanın axtarışları istiqamətində bütün lazımi tədbirlər görülür.
Daha ətraflı süjetdə:
"Cebheinfo.az"