Bu ölkədə Trampın saytına giriş məhdudlaşdırıla bilər - 18 yaşından kiçiklər üçün

Bu ölkədə Trampın saytına giriş məhdudlaşdırıla bilər - 18 yaşından kiçiklər üçün

Böyük Britaniyada 16 yaşından kiçik uşaqlar üçün sosial şəbəkələrdən istifadəyə qoyulması planlaşdırılan qadağa ABŞ Prezidenti Donald Trampa məxsus “Truth Social” platformasını da əhatə edə bilər.

Bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Britaniya hakimiyyəti məhdudiyyətləri ilk növbədə istifadəçilərin bir-biri ilə qarşılıqlı əlaqədə olmasına imkan verən və məzmunu formalaşdırmaq üçün xüsusi alqoritmlərdən istifadə edən platformalara tətbiq etmək niyyətindədir.

Qəzet qeyd edir ki, bu xüsusiyyətlər “Truth Social” platformasına da tamamilə uyğun gəlir.

Hazırda sözügedən platformanın istifadəçi qaydalarında 18 yaşından kiçik şəxslərin qeydiyyatı onsuz da qadağandır. Lakin tətbiqdə istifadəçilərin yaşını və ya şəxsiyyətini təsdiqləyən məcburi yoxlama prosedurunun olmaması bu qadağanı effektivsiz edir.

Qeyd edək ki, 16 yaşından kiçik uşaqların sosial şəbəkələrə çıxışını məhdudlaşdırmaq niyyətini bir qədər əvvəl Böyük Britaniyanın Baş naziri Kir Starmer bəyan etmişdi. Onun sözlərinə görə, hökumət mümkün tənzimləmə mexanizmlərini araşdırır, lakin texnologiya şirkətləri ilə işbirliyi və bu tədbirlərə əməl olunmasını təmin etmək hələ də mürəkkəb bir məsələ olaraq qalır.

 

Xatırladaq ki, cari ilin yanvar ayında Britaniya hökuməti uşaqlar və yeniyetmələr tərəfindən sosial şəbəkələrin istifadəsinin məhdudlaşdırılması, eləcə də məktəblərdə smartfon qadağasına nəzarətin gücləndirilməsi barədə məsləhətləşmələrə başlayacağını elan etmişdi.

"Cebheinfo.az"