Azərbaycanda səhm və borc əsaslı kraudfandinqin şərtləri müəyyənləşir
Azərbaycanda səhm əsaslı kraudfandinq üzrə layihə sahibi qismində yalnız səhmdar cəmiyyətləri çıxış edə biləcək.
"Cebheinfo.az" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış "Kraudfandinq haqqında" qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, layihə sahibi platformada səhm əsaslı kraudfandinq üzrə yalnız əlavə səhmlər buraxmaqla nizamnamə kapitalını artıra bilər. O, son 12 ayda səhm əsaslı kraudfandinq üzrə maksimum 2 kraudfandinq layihəsini maliyyələşdirə bilər.
Borc əsaslı kraudfandinq isə yalnız istiqraz buraxılışı vasitəsilə həyata keçirilir. İstiqrazların tədavül müddəti 5 ildən çox ola bilməz. Layihə sahibi son 12 ayda borc əsaslı kraufdfandinq üzrə də maksimum iki kraudfandinq layihəsini maliyyələşdirə bilər.
Kraudfandinq kampaniyası başa çatdıqdan sonra 3 iş günündə operator qiymətli kağızları yerləşdirməyə başlamalıdır. Qiymətli kağızların yerləşdirilməsi müddəti başlanma tarixindən etibarən 3 iş günündən çox olmamalıdır.
Qiymətli kağızların yerləşdirilməsi "Qiymətli kağızlar bazarı haqqında" qanunla müəyyən edilmiş ödənişə qarşı çatdırılma prinsipi əsasında həyata keçirilir.
Qiymətli kağızların mülkiyyətçiləri depozitar sistemində depo hesabına malik olmalıdır. Kraudfandinq çərçivəsində depo hesabını milli depozit mərkəzinin üzvü olan operator və ya bu əməliyyat funksiyasını həyata keçirən milli depozit mərkəzinin digər üzvü açır.
Müvafiq qiymətli kağızların yerləşdirilməsi başa çatdıqdan və normativ hüquqi aktlara uyğun olaraq qiymətli kağızların (istiqrazlar istisna olmaqla) emissiyasının və kütləvi təklifinin yekunları barədə təsdiq edilmiş hesabatı layihə sahibi operatora təqdim etdikdən sonra operator 1 iş günündə topladığı pul vəsaitini layihə sahibinin hesabına köçürür.
Səhmlərin və istiqrazların buraxılması, yerləşdirilməsi, səhmlərin emissiyasının və kütləvi təklifinin yekunları haqqında hesabatın təqdim və təsdiq edilməsi, hesabatlarda olan məlumatların açıqlanması, səhmlərin və istiqrazların tədavülü və bu qiymətli kağızlarla digər əməliyyatların həyata keçirilməsi ilə bağlı məsələlər qanunla ayrı qayda nəzərdə tutulmadığı halda qiymətli kağızlar bazarı haqqında qanunvericiliklə tənzimlənir.
"Cebheinfo.az"


