Dövlət Departamentindən Rusiya xəbərdarlığı - “Oraya getməyin”

Dövlət Departamentindən Rusiya xəbərdarlığı - “Oraya getməyin”

ABŞ Dövlət Departamenti iri şəhərlərə edilən kütləvi pilotsuz uçuş aparatları (PUA) hücumları fonunda öz vətəndaşlarına müraciət edərək Rusiyaya səfər etməmək barədə xəbərdarlıq edib.

Bu barədə ABŞ Dövlət Departamentinin Konsulluq İşləri Bürosu məlumat yayıb.

Xəbərdarlıqda Rusiyaya dördüncü – ən yüksək təhlükə səviyyəsi təyin edilib. Amerika rəsmi qurumu vətəndaşlarına PUA hücumları zamanı necə davranmalı olduqları barədə təlimat da verib:

“Fövqəladə hal yarandıqda yerli Rusiya hakimiyyət orqanlarının göstərişlərinə əməl edin və sığınacaq axtarın. PUA və ya dron aşkar etdikdə dərhal ərazidən uzaqlaşın və ehtiyac yaranarsa gizlənin. Yerə düşən dronlara toxunmaq, onlara yaxınlaşmaq və ya zərbələrin fəsadlarını foto-video lentə almaq qətiyyən olmaz. PUA hücumlarının nəticələrinin çəkilişini qadağan edən qanunun pozulması Rusiyada böyük məbləğdə cərimə və ya həbs cəzası ilə nəticələnə bilər”.

Qeyd edək ki, iyunun 18-i səhər saatlarında Moskvaya kütləvi PUA hücumu qeydə alınıb. Paytaxt meri Sergey Sobyaninin sözlərinə görə, şəhərə yaxınlaşarkən hava hücumundan müdafiə sistemləri tərəfindən rəsmi olaraq 194 pilotsuz uçuş aparatı vurulub. Dronlardan biri məşhur “Sadovod” ticarət mərkəzinin ərazisinə düşüb, daha bir neçəsi isə neft emalı zavoduna ziyan vurub.

"Cebheinfo.az"