Tramp və Netanyahu arasında yeni gərginlik
ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışıqları əvvəlki kimi dostyana keçmir.
WSJ-nin iddiasına görə, Livanla bağlı son telefon söhbətlərindən birində Tramp Netanyahuya “Niyə binaları partladırsınız? Binaları partlatmağı dayandırın”,- deyib.
"Cebheinfo.az" xəbər verir ki, "The Wall Street Journal" məsələyə yaxın mənbələrə istinadən yaydığı xəbərdə belə qeyd olunur. Tramp və Netanyahunun tez-tez keçirdiyi danışıqlar artıq əvvəlki qədər isti münasibətdə keçmir.
İddialara görə, Tramp ABŞ iqtisadiyyatına təzyiq yaradan ABŞ/İsrail-İran müharibəsini dayandırmağa çalışarkən, onu bu prosesə sürüklədiyini düşündüyü Netanyahuya sərt ifadələr işlədib.
Məlumata görə, başqa bir telefon danışığında Tramp müharibənin yaratdığı qlobal iqtisadi zəifləmənin onu 1930-cu illərdəki Böyük Depressiya və Herbert Huver dövrü ilə əlaqələndirə biləcəyindən narahatlığını dilə gətirib.
Xəbərdə adı açıqlanmayan bir mənbənin sözlərinə görə, nüvə silahları ilə bağlı müddəaların müzakirə olunduğu görüşlərdən birində Netanyahu Trampa “Donald, bunu necə təsdiqləyəcəksən?” sualını verib və İran tərəfinə etibar edilməməli olduğunu vurğulayıb.
Yüksək vəzifəli ABŞ rəsmilərindən biri isə Netanyahunun daha çox hərbi əməliyyatların keçirilməsində israr etdiyini, Trampın isə bundan yorulduğunu bildirib: “Netanyahu Prezidentə nə üçün hansısa hədəfin vurulmalı olduğunu, İsrail kəşfiyyatının bunu necə və nə vaxt həyata keçirəcəyini izah edir. Prezident isə dinləyir. Danışıqlar adətən eyni şəkildə keçir”.
İddialarla bağlı İsrail Baş nazirinin Ofisi şərh sorğularını cavabsız qoyub.
Ağ Ev rəsmisi isə bildirib ki, “Trampın Netanyahu və İsraillə çox yaxşı tərəfdaşlığı var”, lakin “heç bir ölkə və ya lider Prezident Trampa nə etməli olduğunu diktə edə bilməz”.
Mənbələrə görə, müharibə uzandıqca, Tramp Netanyahunun bəzi iddialarına daha şübhəli yanaşmağa başlayıb. Bildirilir ki, Tramp İran hökumətini devirmək məqsədilə İraqdakı silahlı kürd qruplarının İrana daxil olması planını da rədd edib.
Məlumatda, həmçinin vurğulanır ki, atəşkəsə baxmayaraq İsrailin Livana hücumlarını davam etdirməsi Trampı ən çox narahat edən məsələlərdən biri olub.
Nigar Hacılı
"Cebheinfo.az"

