Mikayıl Cabbarov: "Özəl sektorun inkişafı siyasətin əsas prioritetləridir"
"Azərbaycanın bank sektoru və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığının genişlənməsi, xüsusilə Azərbaycan-Ərəb Koordinasiya Qrupu çərçivəsində qurulan tərəfdaşlıqlar iri infrastruktur layihələrinin - boru kəmərlərinin, dəmir yollarının və avtomobil yollarının maliyyələşdirilməsinə töhfə verir".
"Cebheinfo.az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Prezident İlham Əliyevin də iştirak etdiyi Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantılarının açılış mərasimində çıxışı zamanı bildirib.
M. Cabbarov Azərbaycanın son illərdə həyata keçirdiyi iqtisadi inkişaf strategiyasını və beynəlxalq tərəfdaşlıqların bu prosesdə rolunu vurğulayıb.
Eyni zamanda, iqtisadi siyasətin əsas prioritetləri kimi özəl sektorun inkişafını, insan kapitalının gücləndirilməsini və texnoloji tərəqqini qeyd edib.
Nazir, həmçinin İslam İnkişaf Bankı Qrupu ilə uzunmüddətli əməkdaşlığın əhəmiyyətinə toxunaraq, müxtəlif ölkələr üçün ticarətin və hərəkətliliyin yaxşılaşdırılması istiqamətində təcrübə mübadiləsinin vacibliyini diqqətə çatdırıb.
M. Cabbarov Azərbaycanın beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi və iqtisadi inkişafın dayanıqlı əsaslar üzərində qurulmasının əhəmiyyətini vurğulayıb.
"Cebheinfo.az"

