“Ermənilərə Rusiyaya qarşı vuruşmağı öyrədirlər” - Mariya Zaxarova

“Ermənilərə Rusiyaya qarşı vuruşmağı öyrədirlər” - Mariya Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova İrəvanın NATO ölkələri ilə birgə keçirdiyi hərbi təlimləri kəskin tənqid edib.

"Cebheinfo.az" xəbər verir ki, brifinq zamanı çıxış edən diplomat bu növ təlimlərin birbaşa Rusiyaya qarşı yönəldiyini vurğulayıb.

Zaxarova bildirib ki, bir vaxtlar erməni hərbçilərinin Rusiyaya qarşı döyüşmək üçün təlim keçəcəyini təsəvvür etmək belə qeyri-mümkün idi:

“Heç kimə sirr deyil ki, bu növ hərbi təlimlər zamanı məhz bizim ölkəmiz potensial düşmən kimi göstərilir. Ermənistan hərbçilərinə Rusiyaya qarşı vuruşmaq öyrədiləcək. Bir vaxtlar bunu xəyal etmək belə qeyri-mümkün idi. Hazırda Rusiyada çox sayda etnik erməni yaşayır və onlar öz “ürəklərini iki yerə bölmək” niyyətində deyillər, çünki Rusiya və Ermənistanı ortaq tarixi-mədəni məkan hesab edirlər”.

Qeyd edək ki, bir qədər əvvəl Ermənistanda Fransa, Yunanıstan və ABŞ hərbçilərinin iştirakı ilə “Eagle Partner-2026” birgə hərbi təlimləri başlayıb. Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasından 250, ABŞ-nin Avropa və Afrikadakı quru qoşunları və Kanzas Milli Qvardiyasından 58, Fransadan 24, Yunanıstandan isə 11 hərbçi iştirak edir. Rəsmi olaraq təlimlərin məqsədi beynəlxalq sülhməramlı missiyalarda bölmələr arasında qarşılıqlı fəaliyyətin səviyyəsini artırmaq kimi göstərilib.

Xatırladaq ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Ermənistanı NATO ilə əməkdaşlığı genişləndirməkdə ittiham etmişdi.

"Cebheinfo.az"