Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR

Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Bakıda küçədə qadınla kişinin bir-birini döyməsini əks etdirən görüntülər yayılıb. 

Paytaxtın Nərimanov rayonu Atatürk prospektində baş verən hadisə zamanı tərəflər bir-birinə zərbələr endiriblər. 

Görüntülərdən qadının kişiyə daha çox zərbələr endirdiyi görünür. 

Bildirilib ki, insidentdə iştirak edən 38 yaşlı qadın və həmyaşıdı R.Zeynalov polis əməkdaşları tərəfindən müəyyən edilərək ərazi üzrə müvafiq Polis Şöbəsinə gətiriliblər. Hadisə şəxsi münasibətlər zəminində baş verib. Hazırda araşdırmalar davam etdirilir.

Qeyd edək ki, son vaxtlar ailə-məişət zəminində baş verən hadisələrin, cinayətlərin sayı artıb. Eyni zamanda, həmin hadisələrin digər  şəxs tərəfindən  videolentə alınaraq sosial şəbəkələrdə  paylaşılması hallarına da rast gəlinir. 

Ailə-məişət zəminində baş verən zorakılıq hadisəsi zamanı hər iki tərəfə hansı cəza növü tətbiq edilir? Onlar müəyyən məbləğdə cərimə olunurlar, yoxsa azadlıqdan məhrum edilə bilərlər? Eyni zamanda, bu münaqişəni kənardan görüntüyə alan şəxsi cəza gözləyirmi?

Məsələ ilə bağlı hüquqşünas Roman Qaraşov “Cebheinfo.az”-a bildirib ki,  bu qəbildən olan hadisələrdə tərəflərin hüquqi məsuliyyəti, ilk növbədə, hadisə nəticəsində vurulmuş bədən xəsarətlərinin ağırlıq dərəcəsini müəyyən edən məhkəmə-tibbi ekspertizasının rəyi əsasında tənzimlənir: 

“Əgər ekspertiza rəyi ilə sağlamlığa qəsdən yüngül zərər vurulduğu və ya xəsarətin müalicəsi üçün qısa müddət tələb olunduğu müəyyən edilərsə, tərəflər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi çərçivəsində inzibati məsuliyyətə cəlb edilərək cərimə və ya 15 günədək inzibati həbslə cəzalandırıla bilərlər. 

Lakin vurulan zərərin dərəcəsi "ağır" və ya "az ağır" kateqoriyasına aid edildikdə, hərəkətlər artıq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri (məsələn, 126 və ya 127-ci maddələr) ilə tövsif olunur. Bu da cinayət məsuliyyəti və daha ağır, o cümlədən azadlıqdan məhrumetmə sanksiyalarını labüd edir”.

Hüquqşünasın sözlərinə görə, hadisəni lentə alaraq kütləvi informasiya vasitələri və ya sosial şəbəkələr vasitəsilə ictimailəşdirən şəxsin əməli isə şəxsi həyatın toxunulmazlığı prinsipinin pozulması kimi qiymətləndirilə bilər: 

“Belə ki, vətəndaşların razılığı olmadan onların şəxsi həyatına aid olan, yaxud ictimai yerdə olsa belə, şəxsin nüfuzuna xələl gətirə biləcək görüntülərin yayılması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156-cı maddəsi ilə cinayət məsuliyyəti yaradır. 

Bu halda, görüntünü yayımlayan şəxs barəsində cərimə cəzasından tutmuş ictimai işlərə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına qədər sanksiyalar tətbiq oluna bilər. Çünki qanunvericilik şəxsi məlumatların və görüntülərin icazəsiz yayılmasını ciddi hüquq pozuntusu kimi tanıyır”.

Nigar Abdullayeva
“Cebheinfo.az”