Pxenyanın yeni “Ağ kitabı”: Cənubi Koreya...
Cənubi Koreya Müdafiə Nazirliyi Şimali Koreyanı ölkəsinin düşməni kimi qiymətləndirməyə davam etdiyini açıqlayıb.
"Cebheinfo.az" "Yonhap" agentliyinə istinadən xəbər verir ki, Cənubi Koreya Müdafiə Nazirliyinin sözçüsü Li Kyunq Ho bu il yayımlanacaq müdafiə “Ağ kitabı”nda Şimali Koreya üçün “düşmən” ifadəsinin yer almayacağı barədə iddialara münasibət bildirib.
Li Kyunq Ho “Ağ kitab”da Şimali Koreyanın “düşmən” kimi göstərilməyəcəyini iddia edən xəbərlərin həqiqəti əks etdirmədiyini deyib.
“Şimali Koreya rejimi və Şimalın ordusunun bizim düşmənimiz olduğu ilə bağlı mövqeyimizdə heç bir dəyişiklik olmadığını bir daha təsdiqləyirik”, - deyə o bildirib.
Sözçü qeyd edib ki, Müdafiə Nazirliyi iki ildən bir yayımlanan müdafiə “Ağ kitabı” üzərində işləyir və sənədin ilin sonuna doğru təqdim olunması planlaşdırılır.
Xəbərdə həmçinin adı açıqlanmayan mənbəyə istinadən bildirilib ki, builki “Ağ kitab”da da Şimali Koreyanın “düşmən” kimi təqdim ediləcəyi gözlənilir.
Yerli mediada hökumətin Şimali Koreya ilə yaxınlaşma siyasəti çərçivəsində bu ifadənin yeni sənəddən çıxarılmasını nəzərdən keçirdiyi iddia olunmuşdu.
Nigar Hacılı
"Cebheinfo.az"

