Moskva yenidən PUA hücumuna məruz qaldı
Rusiyanın paytaxtı Moskvada yerləşən neft emalı zavodu növbəti dəfə pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində zərər çəkib.
"Cebheinfo.az" xəbər verir ki, Moskva meri Sergey Sobyanin sosial şəbəkədə etdiyi açıqlamada, hava hücumundan müdafiə sistemlərinin şəhərə yönəlmiş intensiv PUA hücumunun qarşısını almağa davam etdiyini bildirib.
Bəzi PUA-ların Moskva Neft Emalı Zavoduna qədər çata bildiyini qeyd edən Sobyanin, hücumun fəsadlarının aradan qaldırılması üçün lazımi tədbirlərin görüldüyünü vurğulayıb.
Sobyanin gecə saatlarında Moskvaya doğru hərəkət edən təxminən 180 PUA-nın məhv edildiyini diqqətə çatdırıb.Hücum səbəbindən Moskvanın Domodedovo, Vnukovo, Şeremetyevo və Jukovski hava limanlarında təyyarələrin eniş və uçuşlarına məhdudiyyətlər tətbiq olunub.
Sosial şəbəkələrdə paylaşılan görüntülərdə neft emalı zavodunda yanğın başladığı görünür.Moskva Neft Emalı Zavoduna məxsus digər bir obyekt 16 iyunda təşkil edilən PUA hücumunda da zərər görmüş, zavodun ərazisində baş verən yanğın söndürülmüşdü.
Qeyd edək ki, Moskva Neft Emalı Zavodu Rusiyanın paytaxt bölgəsindəki ən mühüm yanacaq istehsalı müəssisələrindən biri hesab olunur.
Nigar Hacılı
"Cebheinfo.az"

