Müharibə başa çatsa...: Qızıl və "Bitcoin" PROQNOZU

Müharibə başa çatsa...: Qızıl və "Bitcoin" PROQNOZU

ABŞ ilə İran arasında davam edən gərginlik qlobal maliyyə bazarlarında ciddi dalğalanmalara səbəb olub. 

"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, investorlar Yaxın Şərqdən gələcək mümkün sülh və ya razılaşma xəbərlərini diqqətlə izlədiyi bir vaxtda, Bank of America (BofA) mövzu ilə bağlı maraqlı hesabat yayımlayıb.

Bank müharibənin başa çatacağı təqdirdə bazarlarda yarana biləcək vəziyyəti dəyərləndirib və belə bir ssenaridə dəyər qazana biləcək investisiya alətlərini açıqlayıblar.

BofA-nın proqnozuna görə, sülh sazişi əldə olunarsa istehlak sektorunun səhmləri, daşınmaz əmlak investisiya fondları (REIT-lər), Avropa səhmləri, "Bitcoin", qızıl və inkişaf etməkdə olan ölkələrin valyutaları yüksəliş göstərə bilər.

Hesabatda qeyd olunur ki, enerji qiymətlərinin artımından mənfi təsirlənən valyutalar xüsusilə diqqət mərkəzinə düşə bilər. Bu baxımdan Hindistan rupisi və İndoneziya rupiahı nümunə kimi göstərilir.

Mümkün sülh sazişi neft qiymətləri üzərindəki geosiyasi risk təzyiqlərini azalda, inflyasiya risklərini zəiflədə və investorların risk alma meylini artıra bilər. Belə bir şəraitdə yüksək enerji xərclərindən zərər görən Avropa bazarları və inkişaf etməkdə olan ölkələrin aktivləri daha çox ön plana çıxa bilər.

Bank həmçinin son dövrlər təzyiq altında qalan qızıl və "Bitcoin"-in razılaşmadan sonra bərpa potensialına malik olduğunu vurğulayır.

Hesabata görə, enerji xərclərinin azalacağı və faiz dərəcələrinin aşağı düşəcəyi ilə bağlı gözləntilər istehlak sektorunun səhmlərinə və daşınmaz əmlak investisiya fondlarına əlavə dəstək verə bilər.

Gülər 
"Cebheinfo.az"