Həbsdən film kimi QAÇIŞ - FOTO

ABŞ-nin Luiziana ştatında həbsxanadan qaçan 10 nəfərin görüntüləri ortaya çıxıb.
Məhkumların qaçmaq üçün qazdıqları divarda “Çox asan idi” sözləri yazılıb və bu, dünya mediasında böyük səs-küyə səbəb olub.
"Cebheinfo.az"-ın “Oxygen” qəzetinə istinadən məlumatına görə, ABŞ-nin Luiziana ştatının Yeni Orlean şəhərindəki Orlean Ədliyyə Mərkəzindən keçən həftə 10 məhbus qaçıb. Qaçan məhbusların tutulmasına səbəb olan məlumatlara görə mükafat adambaşına 20000 dollara qədər artırılıb.
Luiziana ştatının polis şefi polkovnik Robert Hodkes qaçan 10 məhkumdan yeddisinin azadlıqda olduğunu təsdiqləyib. "Bizim bu yeddi nəfər haqqında dəqiq məlumatımız var",- deyən Hodkes bəzi məhbusların başqa ştatlara keçə biləcəyini qeyd edib.
Qaçaqlardan dördü - Korey Boyd, Lenton Vanburen, Cermay Donald və Derrik Groves ikinci dərəcəli qətldə ittiham olunurdu. Polis qaçanların silahlı və təhlükəli olduğunu vurğulayıb.
Üç məhbusun ilk 24 saat ərzində yenidən həbs olunaraq Luiziana ştatındakı başqa həbsxanaya köçürüldüyü bildirilir.
Qaçış mayın 17-si cümə günü saat 01.01 radələrində baş verib. Məhkumlar əvvəlcə kameranın qapısını zorla açıb, sonra tualetin arxasındakı divara dırmaşaraq həbsxanadan çıxıblar.
Qaçanlar yükləmə qapısından keçərək tikanlı məftillərdən yorğanlarla qorunaraq həbsxananın divarına dırmaşaraq dəmir yolu ilə magistral yola çatıblar. Üstəlik, məhbuslar qaçdıqları çuxurun düz üstündə “Çox asan idi” yazıblar.
Səhər saat 8:30-da sayma zamanı məhbusların itkin düşdüyü məlum olub. Əvvəlcə 11 məhbusun qaçdığı düşünülsə də, onlardan birinin kamerasının dəyişdirildiyi anlaşılıb.
Səlahiyyətlilər deyirlər ki, qaçış “daxili yardım olmadan” mümkün olmayacaqdı. Orleans Pariş şerifi Susan Hutson "Bu şəxslərin qaçması onların kameralarının qapılarındakı nasaz qıfıllarla bağlı idi",- deyib. Ancaq Hutson "Bu qaçışda içəridən kömək olduğunu göstərən məlumatlarımız var",-deyə əlavə edib.
Hadisədən sonra həbsxanada işləyən 3 nəfər inzibati məzuniyyətə göndərilib. Bildirilib ki, qaçış zamanı məhbus bölməsində fiziki olaraq heç bir personal olmayıb və növbətçi mülki işçi yemək almaq üçün poddan çıxıb.
Hutson, həmçinin həbsxananın təcili təmirə ehtiyacı olduğunu deyib. O əlavə edib ki, təkcə kilidlərin təmiri üçün 5,2 milyon dollar lazımdır.
Yeni Orlean polis rəisi Enn Kirkpatrik bəzi qurbanların təhlükəsizlik səbəbi ilə evlərindən təxliyə edildiyini bildirib: "Biz çaxnaşma yaratmaq istəmirik, lakin ictimaiyyət diqqətli olmalıdır". O da bildirilib ki, məhbuslar paltarlarını dəyişmiş ola bilərlər.
Luiziana qubernatoru Jeff Landri qaçışı "həbsxana sistemində heç vaxt baş verməməli olan zəiflik" hesab edir. Ştatın Baş Prokurorluğu hadisəni araşdırır.
Nigar Hacılı
"Cebheinfo.az"