Yer kürəsinə daha bir təhlükə yaxınlaşır
Bir vaxtlar yerlə toqquşma ehtimalı səbəbindən dünyanın diqqətini cəlb edən “99942 Apofis” asteroidi üçün yeni hesablamalar aparılıb.
Alimlər nəhəng səma cisminin 13 aprel 2029-cu ildə yerə çox yaxın keçəcəyini və milyonlarla insanın uyğun hava şəraitində bu tarixi hadisəni görə biləcəyini açıqlayıblar.
"Cebheinfo.az" xəbər verir ki, İtaliyadakı Padua Universitetinin rəhbərliyi ilə aparılan tədqiqatda Apofisin orbiti bu günə qədər ən yüksək dəqiqliklə yenidən hesablanıb.
Əldə edilən məlumatlara görə, asteroid yerə ən yaxın gəldikdə səmada parlaq ulduz kimi hərəkət edəcək və saatlarla görünəcək.
Tədqiqatçıların hesablamalarına görə, “99942 Apofis” yerə ən yaxın nöqtəsində təxminən 31.600 kilometr məsafədən keçəcək. Bu məsafə bəzi rabitə peyklərinin orbitlərindən daha yaxın bir mövqeyə uyğun gəlir.
Alimlər bildirirlər ki, bu ölçülü asteroidin keçid marşrutu və yaxınlaşma vaxtı misli görünməmiş dəqiqliklə hesablanıb. Bu, həm müşahidə hazırlıqları, həm də elmi tədqiqatlar üçün vacib məlumat dəsti yaradıb.
Mütəxəssislər bu keçidin adi meteor hadisəsindən fərqli olacağını vurğulayırlar.
Bildirilir ki, “99942 Apofis” səmada qısa bir işıq izi qoymayacaq, əksinə saatlarla müşahidə edilə bilən parlaq bir ulduz kimi hərəkət edəcək.
Qeyd olunur ki, uyğun hava şəraiti və az işıq çirkliliyi olan ərazilərdə yaşayan milyonlarla insan bu səma hadisəsini heç bir teleskopa ehtiyac olmadan müşahidə edə biləcək.
“99942 Apofis” 2004-cü ildə kəşf edildikdə, onun yerlə toqquşma ehtimalı böyük bir ajiotaj yaratmışdı.
İlkin hesablamalar mümkün risk ssenarilərini ortaya çıxarsa da, sonrakı illərdə ətraflı müşahidələr və orbital təhlillər bu ehtimalı tamamilə aradan qaldırdı.
NASA və digər beynəlxalq kosmik agentliklərin məlumatlarına görə, “99942 Apofis” ən azı növbəti 100 il ərzində yer üçün heç bir toqquşma riski yaratmır.
Nigar
"Cebheinfo.az"

