Bu gün Ümumdünya Əhali Günüdür
Hər il iyulun 11-i Ümumdünya Əhali Günü kimi qeyd olunur.
"Cebheinfo.az" xatırladır ki, Ümumdünya Əhali Günü 1987-ci il iyulun 11-də dünya əhalisinin sayının təxminən 5 milyarda çatması ilə bağlı diqqətin artmasından sonra yaradılıb.
Həmin tarix "Beş Milyardın Günü" (Five Billion Day) kimi simvolik gün hesab olunurdu.Bu hadisədən iki il sonra, 1989-cu ildə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı İdarəetmə Şurası iyulun 11-nin Ümumdünya Əhali Günü kimi qeyd olunmasına qərar verdi.
Məqsəd dünya ictimaiyyətinin əhali artımı, reproduktiv sağlamlıq, ailə planlaşdırılması, gender bərabərliyi, miqrasiya və dayanıqlı inkişaf kimi demoqrafik məsələlərə diqqətini cəlb etmək idi.
Bu gün hər il müxtəlif şüarlar altında qeyd olunur və dünyanın bir çox ölkəsində maarifləndirici tədbirlər, konfranslar və ictimai müzakirələr keçirilir. Məqsəd təkcə əhalinin sayına deyil, insanların həyat keyfiyyətinə, hüquqlarına və rifahına diqqət yönəltməkdir.
Gülər
"Cebheinfo.az"

