Məşhur model şəxsi həyatı ilə bağlı kitab yazır
35 yaşlı amerikalı model və yazıçı Emili Rataykovski şəxsi təcrübələrindən bəhs edən yeni esse kitabını oxuculara təqdim etməyə hazırlaşır.
“Qafqazinfo”nun xəbərinə görə, məşhur model sosial media hesabında bildirib ki, kitab son illərdə qələmə aldığı şəxsi yazıların genişləndirilmiş toplusu olacaq.
Məlumatına görə, əsərin nəşr hüquqlarını əldə etmək üçün 12 nəşriyyat şirkəti yarışıb və tərəflər arasında milyonlarla dollarlıq müqavilə imzalanıb.
Bildirilir ki, model kitabında boşanmadan sonrakı həyatı, münasibətləri və şəxsi təcrübələri barədə yazacaq. Ötən ay o, bir jurnalda dərc olunan məqaləsində ayrılıqdan sonra yaşadıqlarını və şəxsi həyatı ilə bağlı düşüncələrini bölüşərək geniş müzakirələrə səbəb olmuşdu.
Emili Rataykovski 2018-ci ildə prodüser Sebastyan Ber-MakKlard ilə ailə qurub. Cütlük 2022-ci ildə ayrılıb. Onların Silvester Apollon Ber adlı bir oğlu var.
Qeyd edək ki, Rataykovskinin 2021-ci ildə nəşr olunan ilk kitabı - “Mənim bədənim” (“My Body”) işıq üzü gördüyü dövrdə böyük maraq doğurmuş və “The New York Times”ın ən çox satılan kitablar siyahısına daxil olmuşdu. Qadın bədəni, kimlik, şöhrət və müasir feminizm mövzularına həsr olunan esse toplusu müəllifin ən çox müzakirə olunan əsərlərindən biri hesab edilir.
"Cebheinfo.az"

