İmişli və Saatlı rayonlarının 6 kəndində maarifləndirmə təlimləri başa çatıb
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək” (İİALD) İctimai Birliyi tərəfindən həyata keçirilən “Quraqlığa davamlı əkinçilik və su resurslarından səmərəli istifadə üzrə maarifləndirmə” layihəsi çərçivəsində İmişli və Saatlı rayonlarında keçirilən maarifləndirmə təlimləri uğurla başa çatıb.
"Cebheinfo.az" xəbər verir ki, layihə çərçivəsində İmişli rayonunun Mürsəlli, Murğuzallı və Cavadxanlı, Saatlı rayonunun isə Nərimankənd, Dəllər və Hacıqasımlı kəndlərində ümumilikdə 12 günlük təlim proqramı həyata keçirilib. Təlimlər iki əsas mövzunu əhatə edib: “Quraqlığa davamlı əkinçilik və suya qənaətli suvarma üsulları” və “Torpaq münbitliyinin qorunması və iqlim risklərinin idarə edilməsi”.
Təlimlər zamanı fermerlər və kənd sakinlərinə iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsiri, quraqlıq şəraitində məhsuldarlığın qorunması, su resurslarından səmərəli istifadə, müasir suvarma texnologiyalarının tətbiqi, torpaq münbitliyinin saxlanılması, torpaq deqradasiyası və eroziyanın qarşısının alınması, eləcə də aqrar sahədə iqlim risklərinin idarə edilməsi ilə bağlı geniş məlumat verilib.
Tədbirlər interaktiv formatda təşkil olunub, iştirakçıların sualları cavablandırılıb və onların gündəlik təsərrüfat fəaliyyətində tətbiq edə biləcəkləri praktik tövsiyələr təqdim edilib.
Layihə üzrə hər təlim qrupu üçün 10 nəfərlik iştirak nəzərdə tutulsa da, kənd sakinləri tərəfindən göstərilən yüksək maraq nəticəsində təlimlərdə iştirakçı sayı planlaşdırılan göstəricini əhəmiyyətli dərəcədə üstələyib.
Bu, kənd icmalarında iqlim dəyişikliklərinə uyğunlaşma, su ehtiyatlarından səmərəli istifadə və torpaq münbitliyinin qorunması sahəsində biliklərə olan ehtiyacın yüksək olduğunu bir daha nümayiş etdirib.
"Cebheinfo.az"

