Səhrada inanılmaz dəyişiklik: Dənizi şəhərin içinə gətirdilər

Səhrada inanılmaz dəyişiklik: Dənizi şəhərin içinə gətirdilər

Küveytdə həyata keçirilən ''Sabah Al Ahmad Sea City'' layihəsi dünyanın ən diqqətçəkən mühəndislik layihələrindən biri hesab olunur.

Səhranın ortasında qazılan süni kanallar vasitəsilə Fars körfəzinin suları daxilə yönləndirilib və bunun nəticəsində təxminən 200 kilometrlik yeni sahil xətti yaradılıb.  

“Yeni Sabah” xəbər verir ki, layihənin əsas məqsədi təkcə yeni yaşayış məntəqəsi salmaq olmayıb. Burada dənizkənarı həyat şəraiti formalaşdırmaq, turizmi inkişaf etdirmək və ölkənin məhdud təbii sahil zolağını genişləndirmək də hədəflənib. Küveytin təbii sahil xəttinin böyük hissəsi limanlar və sənaye obyektləri tərəfindən istifadə olunduğundan, yeni sahil ərazilərinə ehtiyac yaranmışdı.  

Layihə çərçivəsində geniş kanal şəbəkəsi qurulub. Kanallar elə layihələndirilib ki, dəniz suyu təbii axın hesabına daim yenilənsin. Bu sistem həm suyun keyfiyyətini qoruyur, həm də sahil ekosisteminin davamlılığını təmin edir.   

Mütəxəssislərin fikrincə, layihə mühəndislik baxımından olduqca mürəkkəbdir. Kanalların dərinliyi, eni və istiqaməti suyun durğunlaşmaması üçün xüsusi hesablamalar əsasında müəyyən edilib. Bunun sayəsində həm yaxta limanları, həm yaşayış məhəllələri, həm də istirahət zonaları yaradılıb.  

''Sabah Al Ahmad Sea City'' hazırda lüks villalar, marinalar, istirahət mərkəzləri və su idmanı obyektlərini özündə birləşdirən iri yaşayış kompleksi kimi inkişaf etdirilir. Layihə həm şəhərsalma, həm də ekoloji mühəndislik baxımından Körfəz regionunun ən iddialı layihələrindən biri hesab olunur.

"Cebheinfo.az"