İki ölkə arasında arasında "tarix savaşı”

Son günlər Çinlə Tayvan arasında münasibətlər gərginləşib.
"Cebheinfo.az" xəbər verir ki, bu dəfə səbəb tarixə fərqli baxışlardır. Pekin açıq şəkildə bəyan edir ki, Tayvan onsuz da Çinə məxsusdur və əraziyə “hücumdan” danışmaq absurddur. Tayvan isə “Biz artıq müstəqil ölkəyik” deyir. Çinin xarici işlər naziri Van İ Avropa ölkələrinin Pekindəki səfirləri ilə görüşdə Tayvanın hazırkı hakimiyyətini “təhlükəli separatizm”də ittiham edib.
Van İ deyib ki, Tayvan 1895-ci ildən Yaponiyanın müstəmləkəsi olsa da, İkinci Dünya müharibəsinin sonunda Qahirə və Potsdam bəyannamələrinə əsasən bu ərazi Çinə qaytarılıb:
“Tayvanın Çinə qayıtması müharibədə qələbənin nəticələrindən biridir. Bu tarixdir”,-deyə o bildirib. Tayvan Müdafiə Nazirliyi bildirir ki, Çin ordusu adanın ətrafında demək olar hər gün hərbi təlimlər keçirir. Pekin isə bununla razılaşmır. Çin hökumətinin Tayvan məsələləri üzrə rəsmisi Çju Fenlyan deyib: “Tayvan Çinin bir hissəsidir. Burada hansısa “hücum” anlayışı yoxdur”.
Qeyd edək ki, Çin sentyabrda İkinci Dünya müharibəsinin bitməsinin 80 illiyini qeyd edəcək və bu münasibətlə Çin Respublikası üçün döyüşmüş yaşlı əsgərləri Pekindəki paradda iştiraka dəvət edib. Amma Tayvan buna sərt reaksiya verib. Tayvanın müdafiə naziri Vellinqton Ku açıq şəkildə bildirib:
“Müharibəni Çin Respublikası aparıb və qələbə qazanıb, Çin Xalq Respublikası yox! Bunu təhrif etməyə çalışmayın”.
Səbinə Uğur
"Cebheinfo.az"