Qətər vətəndaşı gəmidə qəlpə yaralarından ölüb
Bölgədəki hərbi əməliyyatlar zamanı qəlpə dəyməsi nəticəsində bir Qətər vətəndaşı ölüb, daha bir nəfər isə yaralanıb.
Bu barədə Qətərin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Sahil Mühafizəsi və Sərhəd Təhlükəsizliyi Baş İdarəsi (GDBS) müntəzəm yoxlama zamanı göyərtəsində iki nəfərin olduğu gəmilərdən birinin təyin olunmuş vaxtda geri qayıtmadığını qeydə alıb. Dəniz patrulları şənbə axşamı axtarış əməliyyatına başlayıb.
"Bazar günü səhər tezdən axtarış-xilasetmə qrupları gəmini tapıb. Əməliyyat zamanı Qətər vətəndaşının ərazidə hərbi əməliyyatlar nəticəsində aldığı qəlpə yaralarından öldüyü təsdiqlənib", - məlumatda deyilir.
Gəmidə olan ikinci şəxs, Qətərdə daimi yaşayan ərəb əsilli xarici vətəndaş olub və o yaralanıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveyt və Bəhreyndə ABŞ hərbi hədəflərinə ballistik raket və pilotsuz təyyarələrlə zərbə endirdiyini açıqlamışdı. Tehran bu addımları ABŞ-ın hərbi əməliyyatına cavab olduğunu açıqlamışdı..
"Cebheinfo.az"


