“O komanda ki topa nəzarət etmir, qələbədən söhbət gedə bilməz”

Beynəlxalq yoldaşlıq oyunları çərçivəsində Latviyanın paytaxtı Riqada keçirilən Latviya - Azərbaycan matçından (0:0) sonra millimizin baş məşqçisi Fernandu Santuşun iştirakıyla mətbuat konfransı baş tutub.
"Cebheinfo.az" xəbər verir ki, portuqaliyalı mütəxəssis oyunla bağlı fikirlərini bölüşdükdən sonra jurnalistlərin suallarını cavablandırıb.
- Qarşımızda oyuna yaxşı konsentrasiya olmuş bir komanda vardı. İlk 20 dəqiqə ərzində topa nəzarət barədə problemimiz vardı. Demək olar ki, yalnız bir istiqamətdə hücum qurmağa çalışırdıq. Bu yöndə bir qədər problemlər vardı, lakin buna baxmayaraq, daha sonra komandamız topa nəzarət etməyə başladı. İkinci hissədə isə topa nəzarət bizdə idi. Rəqib qapısı qarşısında təhlükəli epizodlar yaradırdıq. Latviya millisi isə, demək olar ki, qapımız qarşısında təhlükəli vəziyyət yarada bilmirdi. Ümumilikdə komandam yaxşı çıxış etdi. Yeganə çatışmayan cəhət rəqib qapısı qarşısında yaratdığımız epizodları qola çevirə bilməməyimiz idi. Məşqlər zamanı da bu yöndə çoxlu çalışmalar edirdik. Hər bir oyunçu sanki topla qapıya daxil olmaq istəyirdi. Uzaqdan zərbə endirmirdik.
- Azərbaycandan bura topa nəzarət etməyə gəlmişdiz, yoxsa qələbə qazanmağa? Sizcə, bundan bərbad oyunumuz ola bilərdi?
- Əlbəttə, qələbə qazanmağa gəlmişdik. O komanda ki topa nəzarət etmir, qələbədən söhbət gedə bilməz. Təhlükəli epizodlar yaratdıq, lakin son nöqtəni qoya bilmədik.
- Mahir Emreli iki metr məsafədən qapını dəqiq nişan ala bilmir. Bunun səbəbi nədir?
- Bu da futbolun bir hissəsidir. Futbolda belə hallar olur. Mahir bundan öncəki çətin epizodları qola çevirə bilirdi, lakin bu gün alınmadı. Matçı ümumilikdə təhlil etsək, komandamız pis çıxış etmədi. Yenə də deyirəm, tək çatışmayan cəhət qol vura bilməməyimiz oldu.
- Elvin Bədəlovun durumu nə yerdədir?
- Ayağında problem var. Lakin hələ dəqiq bilmirik. Həkimlərin rəyindən sonra onun vəziyyətini biləcəyik.
"Cebheinfo.az"