AQTİ rəsmisi: "Bu il HACCP sistemi üzrə 250 müraciət daxil olub"

AQTİ rəsmisi: "Bu il HACCP sistemi üzrə 250 müraciət daxil olub"

Sahibkarlıq subyektləri tərəfindən ümumilikdə HACCP sistemi üzrə 2025-ci il ərzində müxtəlif istiqamətlər üzrə 250 müraciət edilib, 24 müəssisədə isə HACCP prinsipləri üzrə məsləhət və qiymətləndirmə xidmətləri göstərilib. Bu istiqamətdə işlər davam etdirilir.

Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyətinin sədrinin müavini Ramazan Nəbiyev deyib.

R. Nəbiyev qeyd edib ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Təlim Mərkəzi sahibkarlıq subyektlərinin əməkdaşları üçün HACCP mövzusunda təlim və məsləhət xidmətlərini təklif edir. Təlimlərdə əldə olunan biliklər qida obyektlərində HACCP sistemini asanlıqla tətbiq etməyə imkan verir:

"HACCP qida və yem məhsullarında təhlükə amillərinin müəyyən edilməsi, qiymətləndirilməsi və onlara nəzarət olunması sistemidir. “Qida Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektləri öz qida obyektlərində HACCP-a əsaslanan prosedurları tətbiq etməli və qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar. Bu sistemin prinsiplərinin tətbiqinin sahibkarlar üçün bir çox fayda və üstünlükləri var. Belə ki, müəssisələrdə HACCP prinsipinin tətbiqi istehsal olunan məhsulun təhlükəsizliyini təmin edir. Məhsulların ixracını, həmçinin satış imkanlarını asanlaşdırır. İstehlakçıların sağlamlığına təhlükə yarada biləcək səbəbləri müəyyənləşdirməklə istehsal və xidmət mərhələlərində bu səbəbləri aradan qaldırır və etibarlılıq yaradır", - deyə R.Nəbiyev vurğulayıb.

AQTİ-nin İdarə Heyətinin sədr müavini Ramazan Nəbiyevin müsahibəsinin geniş variantı ilə link vasitəsilə tanış ola bilərsiniz.

"Cebheinfo.az"