AÇG üzrə əsaslı xərclər I rübdə 28 %-ə yaxın azalıb

AÇG üzrə əsaslı xərclər I rübdə 28 %-ə yaxın azalıb

Bu ilin birinci rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqları üzrə fəaliyyətlərə təqribən 115 milyon ABŞ dolları məbləğində əməliyyat məsrəfləri və 251 milyon ABŞ dollarına yaxın əsaslı məsrəfləri xərclənib.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından yaydığı məlumatda qeyd edilib.

AÇG üzrə əməliyyat xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə eyni səviyyədə qalıb, əsaslı xərclər isə 96 milyon ABŞ dolları və ya 27,7 % azalıb.

Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), MOL (9,57 %) INPEX (9,31 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,92 %) pay sahibidir.

​​​​​​"Cebheinfo.az"