Xəzərin Azərbaycana mənsub bölməsində əməliyyat keçirilib - VİDEO

Dövlət sərhədini pozmaqla Xəzər dənizindən Azərbaycan Respublikası ərazisinə külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən mütəşəkkil qaçaqmalçı qrupun qarşısı alınıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Məlumata görə, mayın 1-də saat 21:55-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda Nəzarət Mərkəzi tərəfindən Xəzər dənizinin Salyan reydi istiqamətində sahildən 0.3 mil məsafədə sürətlə hərəkət edən 1 (bir) ədəd naməlum üzmə vasitəsi müşahidə edilmişdir. Aşkarlanmış hədəfin saxlanılması məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi tərəfindən təqibetmə əməliyyatına başlanılmış, sahil nəzarəti bölmələri məlumatlandırılaraq sahil xəttinin qapadılması üzrə zəruri tədbirlər görülmüşdür. Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsinin cənub-şərq istiqamətində keçirilmiş əməliyyat-axtarış və təqibetmə tədbirləri zamanı hədəfin saxlanılması məqsədi ilə saat 22:40-da sərhəd gəmisi tərəfindən işıq və səs siqnallarından istifadə edilməklə “Dayan” komandası verilmiş, xəbərdarlıq atəşi açılmışdır. Sərhədçilərin qanuni tələblərinə məhəl qoymayaraq Azərbaycanın ərazi sularını tərk etməyə cəhd göstərən sərhəd pozucularının saxlanılması məqsədi ilə “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq edilmiş, nəticədə sərhəd pozucularının hər ikisi yaralanmışdır. Gəmi heyəti tərəfindən yaralı sərhəd pozucularının ixtisaslaşmış tibb müəssisəsinə göndərilməsi üzrə təxirəsalınmaz tədbirlər görülmüşdür. Təxliyə zamanı həkimlərin səyinə baxmayaraq sərhəd pozucularından birinin həyatını xilas etmək mümkün olmamışdır. Digər sərhəd pozucusunun isə müasir tibb müəssisəsində müalicəsi davam etdirilir. Layner tipli itisürətli üzmə vasitəsinə keçirilmiş baxış zamanı 33 kiloqram 75 qram narkotik vasitə marixuana, 2 ədəd “Garmin” markalı GPS və 1 ədəd “THURAYA” markalı peyk telefonu aşkarlanaraq götürülmüşdür.
İlkin araşdırma tədbirləri nəticəsində sərhəd pozucularının İran İslam Respublikası vətəndaşları – 1985-ci il təvəllüdlü Qaranicat Nuri Qurban Məhəmməd (yaralı) və 1990-cı il təvəllüdlü Uməhəmmədi Behsad Saleh (ölən şəxs) olduğu müəyyən edilmişdir.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
"Cebheinfo.az"