“Ryanair” “Boinq”lərin alışını təxirə salır

Avropanın ən böyük aşağı büdcəli aviaşirkəti olan İrlandiyanın “Ryanair” şirkəti ABŞ-nin tətbiq etdiyi gömrük rüsumları səbəbindən "Boeing" təyyarələrinin bahalaşdığını əsas gətirərək, yüzlərlə təyyarə sifarişini ləğv edə biləcəyi ilə hədələyib.
Şirkət həmçinin alternativ təchizatçılara da baxır, onların arasında kommersiya və hətta hərbi təyyarələr sahəsində fəaliyyət göstərən Çin dövlət nəhəngi “COMAC” da var.
"Cebheinfo.az" xəbər verir ki, "Reuters"-in məlumatına "Ryanair" indiyədək dəyəri 30 milyard dollardan çox olan 330 ədəd "Boeing 737 MAX" təyyarəsi sifariş edib.
Şirkətin baş direktoru Maykl O'Liri bildirib ki, əgər ABŞ hökuməti bu düşünülməmiş tarif siyasətini davam etdirərsə və bu rüsumlar "Boeing"-in Avropaya təyyarə ixracının qiymətinə ciddi təsir göstərərsə, biz həm hazırkı sifarişlərimizə, həm də gələcək sifarişlərin başqa şirkətlərə yönləndirilməsinə yenidən baxacaq.
Maykl O'Liri bu məktubla bir ay əvvəlki xəbərdarlığını daha da sərtləşdirib.
Həmin vaxt o bildirmişdi ki, əgər vəziyyət belə davam etsə, "Ryanair" "Boeing"-dən təyyarə təhvilini gecikdirəcək.
Mart ayında isə O'Liri demişdi ki, "Boeing" rəhbərliyi qeyri-rəsmi şəkildə ona Trampın bu tarifləri təyyarələrə tətbiq etməyəcəyinə ümid etdiklərini bildirib.
Qeyd edək ki, təyyarə satış müqavilələrində adətən qeyd olunur ki, hər bir tərəf öz vergi və rüsumlarını özü ödəməlidir, amma gömrük tarifləri birbaşa göstərilmir.
Buna baxmayaraq, bir çox aviasiya şirkətləri bu məsələnin gələcəkdə problem yaratmaması üçün müqavilələrin şərtlərini dəyişməyə başlayıb. Hesab edilir ki, ticarətdə bu cür qeyri-sabitlik hələ uzun müddət davam edə bilər.
Səbinə Uğur
"Cebheinfo.az"