Vəziyyət belədir: Qara suvaqlı mənzil, səs-küylü təmir və 55 faiz bahalaşma

Vəziyyət belədir: Qara suvaqlı mənzil, səs-küylü təmir və 55 faiz bahalaşma

Ölkənin daşınmaz əmlak bazarında proseslər getdikcə daha da mənfi istiqamət alır. 

Bu gün bazarda əsasən müxtəlif tikinti şirkətlərinin fəaliyyəti əhalini qane etmir. Bunu isə müxtəlif səbəblərlə izah etmək olar. İlk növbədə bu gün ölkənin mənzil bazarında qiymətlər demək olar ki, pik həddə çatıb. Tikinti şirkətləri davamlı olaraq mənzillərin qiymətini artırırlar. 

Bununla yanaşı, şirkətlərin satdığı mənzillərin keyfiyyəti mübahisəlidir. Bir çox yeni tikilən binadakı mənzillər istehlakçıya təmirsiz, “podmayak” şəkildə təhvil verilir. Yüksək məbləğdə vəsait sərf edən istehlakçılar eyni zamanda uzun müddət yenidən təmirə böyük məbləğdə xərc çəkməli olurlar. 

Onu da qeyd edək ki, xarici ölkələrdə mənzillər əsasən təmirli şəkildə satışa çıxarılır. Hər hansı yeni tikilmiş binaya sakinlər köçərkən aparılan kütləvi təmir işləri əslində digər ciddi problemlər də yaradır. Belə ki, uzun müddət davam edən təmir işləri digər bina sakinlərinin narahatlığına səbəb olur. 

Təmirli və təmirsiz mənzillərin satışı qanunvericilikdə necə tənzimlənir? Bununla bağlı tikinti şirkətləri üçün normativlər varmı? 

Daşınmaz əmlak məsələləri üzrə Elnur Azadov “Cümhuriyət”-ə bildirib ki, mənzillərin təmirli və yaxud təmirsiz satışı haqqında qanunvericilikdə heç bir maddə yoxdur: 

“Bu “podmayak” anlayışı bizdə Sovet hökuməti vaxtından qalıb. Həmin dövrdə təmirsiz heç bir mənzil verilmirdi. Sadəcə onu ilkin təmir edirdilər. Ən azı, həmin mənzillərdə linoleum döşəmə olurdu, divarlara boya çəkilirdi. Sanitar qovşağa primitiv şəkildə suyadavamlı boya vurulurdu. Ən minimum da olsa, yaşamaq üçün ilkin təmir aparılırdı. 

Sovet hökuməti dağılandan sonra dövlət yeni bina tikmədi. Özəl şirkətlər bu istiqamətdə iş aparmağa başladılar. Onlar tərəfindən verilən mənzillər də “podmayak”, yəni qara suvaqla verilirdi. Bu günə kimi də o praktika var. 

Qanunda da bu istiqamətdə heç bir məqam öz əksini tapmayıb. O da doğrudur ki, hər hansı yeni tikilmiş binaya sakinlər köçəndə kütləvi təmir işləri ciddi problemlər yaradır. Məsələn, bir vətəndaş 20 mərtəbəli bir binadan mənzil alıb, bina 5-6 blokdan ibarətdir, 500-600 mənzil var. 

Həmin vətəndaş binaya ilk köçənlərdən biridirsə, bir neçə il vaxt lazımdır ki, bu mənzillərdə təmir işləri bitsin. Həmin mənzillərdə inşaat materiallarının, tullantıların daşınması, texniki vasitələrdən istifadə binadakı sakinlərə mənfi təsir edir. Bu baxımdan, ilkin təmir tələbi tətbiq edilsə, yaxşı olar. 

Tikinti şirkətləri buna vaxt itirmək istəmirlər. Məsələn, qonşu İranda yeni tikilən binalarda ilkin təmir olaraq döşəməyə mərmər vurulur, divarlara ağ suvaq çəkilir. Mənzil demək olar ki, 90 faiz yaşayış üçün yararlı olur. İstəyən sakin nəsə kiçik bir dəyişiklik edir. Avropa ölkələrində buna “vhitebox“, yəni “ağ qutu” deyirlər. Təmir ən azı 50-60 faiz bitmiş olur. 

Mənzilə köçən sakin kiçik tamamlama işləri aparır. Bizdə rəqabət olmadığınagörə tikinti şirkətləri təmirdə maraqlı deyillər. Məsələn, Türkiyə bazarında rəqabət o qədər yüksəkdir ki, tikinti şirkətləri mebelə qədər evi təchiz edirlər. Sakin yalnız öz açarı ilə gəlib evə daxil olur”. 

Mənzillər niyə bahadır? 

Ekspertin sözlərinə görə, rəqabətin olmaması səbəbindən mənzillərin qiyməti 55 faiz bahalaşıb: 

“Əvvəl 100 min manata olan mənzil indi 155 minə satışa çıxarılır. Bu, normal hal deyil. Rəqabət olmadığına görə tikinti şirkətləri qiymətləri qaldırır. Tikinti prosesi zamanı evlərin satışa çıxarılması normaldır. Bünövrədən belə tikinti şirkəti öz pulu ilə tikə bilməz. O qədər böyük vəsait onda haradandır? Buna görə də tikinti şirkətləri bünövrədən mənzillərin satışını aparmağa başlayırlar. 

Bina tikilib qurtardıqdan sonra da vətəndaşlara mənzillər təhvil verilir. Ancaq ilkin təmir işləri olsa, istehlakçılar daha az zərər çəkərlər. Elektrik, santexnik xətləri çəkilir, döşəmə vurulur. İş həddindən artıq çox olur ki, bunlar da hamısı səs-küylü işlərdir. Tikinti şirkətləri bu istiqamətdə müəyyən işlər aparsalar, sakinlər mənzilə köçəndən sonra daha az bir-birini narahat edər. Qanunla bu tənzimlənə bilməz. Tikinti şirkətləri arasında rəqabət olmalıdır. 

Rəqabəti də dövlət yarada bilər. Araşdırmağa başlasaq, Bakıda barmaq qədər sayılacaq bina var ki, bünövrədən başlayır. Şərait yaradılsa, çox binalar tikilsə, qiymət də aşağı düşər. Əks halda bundan istehlakçılar həm seçim, həm qiymət baxımından əziyyət çəkəcəklər. Biznes inkişaf edə və vətəndaş öz yaşayış şəraitini yaxşılaşdıra bilmir. Məcburən ipoteka götürür ki, ömrünün sonunadək işləyib ödəyir, özünü hər şeydən məhrum edir. 

Hökumət ipoteka verir və milyonlarla vəsait daşınmaz əmlak sektorunda çökür. Belə olmamalıdır və iş adamları inkişaf etməlidir. Bizim ölkədə hamısı gedib daşınmaz əmlaka bağlanır. İqtisadiyyat daşınmaz əmlak üzərində qurulub. Daşınmaz əmlakın da qiyməti təsəvvür edilməyəcək bir rəqəmdir. Bu, normal iqtisadi göstərici deyil. Daşınmaz əmlak bazarı çökməməli və inkişaf etməlidir”. 

Nigar Abdullayeva
"Cebheinfo.az"