Azərbaycanın İranla quru sərhədi açılır?

Azərbaycanın İranla quru sərhədi açılır?

Xəbər verdiyimiz kimi, 2023-cü ilin may ayında Azərbaycanda fəaliyyəti dayandırılan İran Milli Bankının Bakı filialı yenidən işini bərpa edib.

Bu hadisə az öncə İran Prezidenti Məsud Pezeşkianın Bakıya səfəri ilə əlaqələndirilir. Məhz İran Prezidenti səfər öncəsi Azərbaycanla İran arasında quru yollarının açılması məsələsinə də toxunmuş, bunun vacibliyini bildirimişdi. Ehtimal olunur ki, səfər zamanı prezidentlər arasında bu məsələ də müzakirə olunub.

Bu baxımdan, yaxın zamanlarda İranla quru sərhədləri açıla bilərmi?

Çünki bu məsələ həm Azərbaycanda təhsil alan iranlı tələbələr, həm də ticarət məqsədilə səfər edən insanlar üçün olduqca önəmlidir.

"Cebheinfo.az"-a açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, İran Prezidentinin Azərbaycana səfəri zamanı iki ölkə arasında münasibətlərin dərinləşdirilməsi, xüsusilə nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Onun sözlərinə görə, Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub:

“Məhz nəqliyyat və logistika sahəsi münasibətlərimizdə mühüm yer tutur. Lakin bu məsələlərə yalnız iqtisadi müstəvidə deyil, eyni zamanda milli təhlükəsizlik, regional vəziyyət və geosiyasi amillər nəzərində də yanaşmaq lazımdır. Bildirim ki, bu istiqamətdə mütəmadi olaraq qiymətləndirmələr və təhlillər aparılır.

Azərbaycan üçün prioritet olan təhlükəsizlik meyarları, regiondakı vəziyyət və dəyişən geosiyasi reallıqlar əsas qiymətləndirmə çərçivəsində yer alır. Bu baxımdan, aidiyyəti dövlət qurumları və Nazirlər Kabineti tərəfindən davamlı monitorinqlər həyata keçirilir və vəziyyətə uyğun qərarlar qəbul olunur.

Növbəti mərhələdə də bu faktorların qiymətləndirilməsi davam etdiriləcək və Azərbaycanın təhlükəsizliyinin gücləndirilməsi, eyni zamanda xarici təsirlərin nəzərə alınması ilə qərarların verilməsi prioritet olaraq qalacaq”.

Səbinə Uğur
"Cebheinfo.az"