Boqotada saxlanılan ABŞ vətəndaşı barədə qərar verildi
Kolumbiyanın paytaxtı Boqotada uşağa qarşı cinsi istismar iddiası ilə saxlanılan ABŞ vətəndaşının sərbəst buraxıldığı bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, məhkəmə qarşısına çıxarılan ABŞ vətəndaşına hər hansı rəsmi ittiham irəli sürülməyib.
Hakim, saxlanılma qərarını dəstəkləyəcək kifayət qədər sübut olmadığı üçün həmin şəxsin azadlığa buraxılmasına qərar verib.
Kolumbiya Ailə Rifahı İnstitutunun (ICBF) direktoru Astrid Kaseres yerli mətbuata açıqlamasında tibbi müayinədən keçirilən uşaqlarda hər hansı cinsi zorakılıq əlamətinin aşkarlanmadığını bildirib.
Kaseres qeyd edib ki, hadisənin tam şəkildə aydınlaşdırılması üçün bütün sübut və materiallar diqqətlə araşdırılır və istintaq davam edir.
Kolumbiya Miqrasiya İdarəsi isə ABŞ vətəndaşının ölkəyə giriş zamanı heç bir cinayət qeydinin olmadığını və uşaqlara qarşı cinsi istismarla bağlı beynəlxalq xəbərdarlıq sistemlərində adına rast gəlinmədiyini açıqlayıb.
İstintaq çərçivəsində əldə olunan məlumatlara əsasən, xarici vətəndaşın 3 uşaqla birlikdə qanuni övladlığa götürmə prosesi çərçivəsində olduğu iddia edilir.
Mətbuatda yayılan məlumatlara görə, uşaqlar yemək zamanı mübahisə etməyə başlayıb. ABŞ vətəndaşı isə böyük uşağı sakitləşdirmək məqsədilə onu eyvana çıxarıb.
Bu zaman vəziyyəti yanlış qiymətləndirən qonşuların polisə məlumat verməsindən sonra hadisə yerinə gələn Uşaq Bürosu əməkdaşları həmin şəxsi uşağa cinsi istismar şübhəsi ilə saxlayıb.
Nigar Hacılı
"Cebheinfo.az"


