Prezident Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib.
"Cebheinfo.az" xəbər verir ki, nümayəndə heyətinə İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir, Beynəlxalq İnkişaf üzrə OPEC Fondunun prezidenti Əbdülhəmid Əl-Xəlifə, Afrikada İqtisadi İnkişaf üzrə Ərəb Bankının prezidenti Abdulla Xəlil Əl-Müseybih, Ərəb Valyuta Fondunun Baş direktoru və İdarə Heyətinin sədri Fəhad Əl-Türki, Səudiyyə İnkişaf Fondunun Baş icraçı direktoru Sultan Əbdürrəhman Əl-Mərşad, Ərəb Körfəzi İnkişaf Proqramının icraçı direktoru Həmmam bin Nasir bin Cureyd, Küveyt Ərəb İqtisadi İnkişaf Fondunun əməliyyat direktoru Tamer Əl-Failakavi, Səudiyyə Ərəbistanı Krallığının maliyyə naziri Məhəmməd Abdulla Əl-Cadan, Küveyt Dövlətinin maliyyə naziri Yaqub Ər-Rifai, Qətər Dövlətinin maliyyə naziri Əli Əhməd Əl-Kuvari və Birləşmiş Ərəb Əmirlikləri Maliyyə Nazirliyinin beynəlxalq maliyyə əlaqələri üzrə nazir müavini Əliabdulla Şərəfi daxildir.
Dövlətimizin başçısı Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərinin İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarında iştirakının əhəmiyyətini qeyd etdi.
Azərbaycanla Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlar arasında fəal əməkdaşlığın qurulduğunu deyən Prezident İlham Əliyev bir çox layihələrin icra mərhələsində olduğunu vurğuladı. Dövlətimizin başçısı imzalanacaq sənədlərin önəminə də toxundu.
Ölkəmizdə olmaqdan məmnunluğunu bildirən İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir qəbula görə nümayəndə heyəti adından Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi.
Qonaq rəhbərlik etdiyi qurumla Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsinə dövlətimizin başçısının göstərdiyi dəstəyi yüksək qiymətləndirdi.
Söhbət zamanı Azərbaycanla Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlar arasında tərəfdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı, ölkəmizdə mövcud olan əlverişli investisiya mühitinin Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlarla birgə layihələr həyata keçirmək baxımından əhəmiyyəti qeyd edildi.
Görüşdən sonra Azərbaycan Prezidentinin iştirakı ilə “Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi” layihəsi üzrə Kredit sazişi imzalandı. Həmçinin imzalanmış “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Ərəb Koordinasiya Qrupu üzvləri arasında “Abşeron yarımadasında 33 yaşayış məntəqəsinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsi üzrə əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu” mübadilə olundu.
Daha sonra dövlətimizin başçısı İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casirə “Dostluq” ordenini təqdim etdi.
Məhəmməd Süleyman Əl-Casir onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Qeyd edək ki, Məhəmməd Süleyman Əl-Casir ölkəmizlə İslam İnkişaf Bankı arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən bu ordenlə təltif olunub.
"Cebheinfo.az"

