“Veloreabilitasiya” layihəsinə start verilib
Azərbaycan Əlil Velosipedçilərə Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Veloreabilitasiya” layihəsinə start verilib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur.
"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, layihənin əsas məqsədi inklüziv mühit yaratmaqla insanların fiziki aktivliyini artırmaq, onların sosial və ictimai həyata inteqrasiyasını gücləndirməkdir. Bu istiqamətdə layihə çərçivəsində müxtəlif təlimlər, maarifləndirici sessiyalar və praktiki fəaliyyətlər təşkil olunacaq. Layihə çərçivəsində ümumilikdə 4 təlim günü keçiriləcək və hər təlim günündə fərqli iştirakçı qrupları iştirak edəcək. Nəticədə layihədən ümumilikdə 40 nəfərin faydalanması nəzərdə tutulur. Təlim proqramının yekununda isə bütün iştirakçıların bir araya gələcəyi veloyarış təşkil ediləcək.
Layihənin ilk təlim günü iştirakçıların bir-biri və layihə komandası ilə yaxından tanış olması, komanda ruhunun gücləndirilməsi məqsədilə təşkil olunub. Təlim proqramı çərçivəsində iştirakçılar müxtəlif tanışlıq və komanda quruculuğu oyunlarında iştirak edərək ünsiyyət, aktiv dinləmə, əməkdaşlıq, qarşılıqlı dəstək bacarıqlarının inkişafına yönəlmiş praktiki fəaliyyətlərə cəlb olunublar. Gün ərzində iştirakçılar qeyri-formal ünsiyyət imkanları yaradan kofe fasiləsində də bir araya gələrək fikir mübadiləsi aparıblar.
Təlim proqramının davamında layihə rəhbəri Amid Həsənquliyevin təqdimatı əsasında iştirakçılar Velosiped Muzeyini ziyarət edib, ölkəmizdə velosiped idmanının inkişaf tarixi və müxtəlif velosiped növləri haqqında məlumat əldə ediblər. Daha sonra onlar əlil velosipedləri ilə yaxından tanış olaraq bu vasitələrin xüsusiyyətləri və istifadəsi barədə məlumatlandırılıblar. Günün sonunda isə iştirakçılar velotrekdə praktiki sürüş fəaliyyəti həyata keçirərək ilk təcrübələrini qazanıblar.
Həmçinin, layihənin ilk təlim günü iştirakçılara layihə çərçivəsində hazırlanmış hədiyyə dəstləri – köynək, fincan və dəftərlər təqdim olunub. Qeyd edək ki, layihə müddətində hər bir təlim günündə iştirakçılar hədiyyələrlə təmin ediləcək, keçiriləcək yarışlarda fərqlənən iştirakçılara isə xüsusi mükafatlar təqdim olunacaq.
“Veloreabilitasiya” layihəsinin növbəti mərhələlərində də iştirakçıların inkişafına və fəal həyat tərzinin təşviqinə xidmət edən fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.
"Cebheinfo.az"


