İrəvan qarşısında konkret Zəngəzur təklifi: Çin üçün daha çox aktuallaşır

İrəvan qarşısında konkret Zəngəzur təklifi: Çin üçün daha çox aktuallaşır

Çin özünün tarixi “Bir kəmər, biir yol” təşəbbüsü ilə bağlı daha bir mühüm addım ataraq Ermənistanı öz nəqliyyat şəbəkəsinə daxil etməyə hazırlaşır. 

“Cebheinfo.az”-ın məlumatına görə, Çinin Ermənistandakı səfirliyinin müvəqqəti işlər vəkili Çen Minq “Türkiye Gazetesi”nə müsahibəsində belə deyib.

Onun sözlərinə görə, Çin “Bir kəmər, bir yol” layihəsinin yeni fəslini açmağa hazırlaşır. Diplomat İrəvanın layihəyə daxil ediləcəyini açıqlayıb. 

O qeyd edib ki, Pekin “Sülh kəsişməsi”ni təşviq edən Ermənistanın “Bir kəmər, bir yol” layihəsinə daha fəal şəkildə inteqrasiya etməsini planlaşdırır. 

Çinin yaxın vaxtlarda Ermənistanla nəqliyyat sahəsində müqavilə imzalayacağını bildirən Çen Minq bu layihələrin Cənubi Qafqazın iqtisadi xəritəsini dəyişəcəyini vurğulayıb. Çen Minqin bu açıqlaması rəsmi Pekinin Cənubi Qafqaza geoiqtisadi marağının artmasından xəbər verir. 

Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri fonunda Ermənistandakı müvəqqəti işlər vəkilinin söylədiyi fikirlər “Bir kəmər, bir yol” layihəsinin reallaşması istiqamətində yeni addımların atılacağından xəbər verir. 

Lakin Çinlə Avropa arasında yükdaşımaların həyata keçirilməsini təmin edəcək “Orta dəhliz”in işə düşməsində Pekinin siyasi dəstəyi həlledici əhəmiyyətə malikdir. Bu baxımdan, Azərbaycan Prezidentinin Çinə səfəri zamanı əldə edilən razılaşmalar “Orta dəhliz”in reallığa çevrilməsini sürətləndirə bilər. 

Yəni, Mərkəzi Asiyada geoiqtisadi təsir üstünlüyünə malik olan Çin “Transxəzər” nəqliyyat dəhlizi vasitəsilə Cənubi Qafqaz üzərindən Avropa İttifaqı ilə idxal-ixrac əməliyyatları həyata keçirmək imkanı əldə edə bilər. Ukraynada müharibənin davam etməsi fonunda Rusiya üzərindən Avropaya çıxış əldə etmək imkanları demək olar ki, bloklanıb. Rusiya ərazisindən keçən tranzit yollar isə məsafə baxımından uzaq olduğundan daha çox xərc tələb edir. 

Ona görə də ən əlverişli marşrut Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyədən keçən “Orta dəhliz” sayılır. Xüsusilə də Azərbaycanın Cənubi Qafqaz və Mərkəzi Asiya arasındakı nəqliyyat-tranzit dəhlizinin hər iki istiqamətə giriş qapısı rolunu oynaması region uğrunda rəqabət aparan güclərin diqqətini cəlb edir. Bu mənada, rəsmi Bakının Çinlə əməkdaşlığı daha dərinləşdirmək istəyi Pekini bu rəqabətdə önə çıxarır. 

Lakin Ermənistanın Zəngəzur dəhlizini açmaq istəməməsi yalnız Azərbaycana və Türkiyəyə deyil, Çinə də maneə yaradır. Çen Minqin açıqlaması Çinin Zəngəzur dəhlizini açmaq üçün Ermənistanın qarşısında konkret təklif irəli sürdüyünü göstərir. Çin bu məsələdə Ermənistan hökumətinin “Sülh kəsişməsi” layihəsinə deyil, “Orta dəhliz”ə üstünlük verir. Yaxın vaxtlarda bu istiqamətdə yeni müqavilə də imzalana bilər. 

Qeyd edək ki, Çin və Avropa İttifaqı arasında Cənubi Qafqaz vasitəsilə yüklərin daşınması üçün digər marşrut Gürcüstan ərazisindən keçir. Söhbət Gürcüstan-Türkiyə avtomobil yolundan və Bakı-Tiflis-Qars dəmir yolundan gedir. Digər istiqamət isə Gürcüstanın Qara dəniz sahilindəki limanlarıdır.

Buna baxmayaraq, aparılan müşahidələr Gürcüstan ərazisində yükdaşımalardakı artım tıxaclara və ləngimələrə səbəb olur. Ona görə də alternativ marşruta, dəqiq desək, Zəngəzur dəhlizinin açılmasına ehtiyac var. Azərbaycan Dəmir Yolları QSC-nin rəsmi məlumatına görə, ötən il Çin-Mərkəzi Asiya-Azərbaycan marşrutu üzrə 358 blok qatarı yola salınıb. 

Onlardan 146-sı tranzit yüklərin, 212-si isə idxal yüklərinin daşınmasını təmin edib. Daşınan mallara əsasən tibb ləvazimatları, avtomobillər və avtomobil hissələri, velosipedlər, motosikletlər, su nasosları, ərzaq və qeyri-ərzaq məhsulları və s. daxildir. 

Ötən il Azərbaycanla Çin Dəmir Yolları arasında yükdaşımaların həcminin artırılması barədə danışıqlar aparılıb. Azərbaycan Dəmir Yolları Türkiyə və Azərbaycandan Çinə Qərb-Şərq istiqamətində, yəni ötürülkcülük qabiliyyəti 5 milyon ton olan Bakı-Tiflis-Qars marşrutu ilə yük axınının təşkilinə dəstək verməyə hazır olduğunu bildirib. 

Müzakirələrdən sonra Çinin dəmir yolu konteyner daşımaları korporasiyası “China Railway Container Transport Corp. Ltd.” şirkətinin Azərbaycan, Qazaxıstan və Gürcüstanın birgə təsisçisi olduğu “Middle Corridor Multimodal” MMC-yə qoşulması ilə bağlı əməkdaşlıq memorandumu imzalanıb. 

Qarşılıqlı razılaşmaya uyğun olaraq, 2025-ci ildə Çindən Azərbaycana və Avropaya göndərilən blok qatarlarının sayının üç dəfədən çox - il ərzində 1000-ə çatdırılması planlaşdırılır. Azərbaycanın infrastruktur potensialı bu məqsədə nail olmağa imkan verir. 

Bu əməkdaşlığın əsas məqsədi Çindən konteyner qatarlarının göndərilməsi prosesinin təşkilini təkmilləşdirməklə Orta Dəhlizi inkişaf etdirmək və yüklərin həcmini artırmaqdır. 

Çin və Gürcüstan arasında avtomobil yolu ilə yükdaşımalarının həcminin artması 2025-ci il yanvarın 1-dən yeni kvotaların tətbiqinə səbəb olub. Çindən Gürcüstana yükdaşımalarla bağlı kvota 66 faiz, üçüncü ölkələrə isə 150 faiz artırılıb. 

Gələcəkdə Çin və Gürcüstan arasında birgə logistik mərkəzlərin yaradılması imkanları nəzərdən keçirilir. 2024-cü ilin birinci yarısında Gürcüstan ərazisindən tranzitlə 249 385 qoşqu keçib. 2023-cü ilin sonunda tranzit yük maşınlarının sayı 519 997 ədəd təşkil edib.

Ona görə də əlavə marşrut kimi Zəngəzur dəhlizinin açılması Çin üçün daha çox aktuallaşır. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”