QHT “Kəlbəcərə qayıdış prosesinin dəstəklənməsi” layihəsi çərçivəsində ilk tədbirini keçirib - FOTOLAR

“Şans” Regionlara Dəstək İctimai Birliyi “Kəlbəcərə qayıdış prosesinin dəstəklənməsi” layihəsi çərçivəsində ilk tədbirini keçirib.
"Cebheinfo.az" xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilattlarına Dövlət Dəstəyi Agentliyinin maliyyəsi ilə “Şans” Regionlara Dəstək İctimai Birliyi “Kəlbəcərə qayıdış prosesinin dəstəklənməsi” layihəsi çərçivəsində ilk tədbirini Bakı şəhərində keçirib.
Bakı şəhərində “Tonqal” restoranında 28 iyun 2025-ci il tarixində baş tutan tədbirdə keçmiş məcburi köçkün olan kəlbəcərlilər, müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, sahibkarlar və digər şəxslər iştirak edirdilər. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Kəlbəcər rayon 23 nömrəli tam orta ümum təhsil məktəbinin direktoru Həqiqət Şükürova tədbiri açaraq bildirdi ki, bütün təhsil işçiləri, rayon ictimaiyyəti Kəlbəcərə qayıdışı böyük ümid və sevinclə gözləyir. Belə maarifləndirici tədbirlər əhalidə qayıdışla bağlı fikir formalaşmasına müsbət təsir edir. Bu gün Azərbaycanın çox strateji mahiyyət kəsb edən bölgələrindən biri olan Kəlbəcər rayonuna qayıdış prosesində əhalinin məşğulluq məsələlərinə dəstək zərurət təşkil edir.
Daha sonra Bakı Dövlət Universitetinin müəllimi, tədqiqatçı Nazim Vəlişov, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli, “Şans” Regionlara Dəstək İctimai Birliyinin sədr müavini, şəhid Nəzər Əzizovun həyat yoldaşı Nərmin Əzizova və digər şəxslər çıxış edərək layihənin zəruriliyindən danışdılar.
Bir çox dövlət və QHT layihələrinin eksperti olan, təlimçi Elçin Poyliyev layihənin hədəf və prinsiplərinə uyğun olaraq təlimlərə başladı. O, işğaldan azad edilmiş digər bölgələrimiz kimi, Kəlbəcər rayonunda da quruculuq işləri davam etdiyini bildirərək bir çox zəruri məqamlara aydınlıq gətirdi. Bu rayona hansı sahələrə sərmayə qoyuluşunu, fərdi sahibkarlıqla məşğul olmaq istəyən şəxslərin əsas fəaliyyət istiqamətlərini açıqladı. Təlimçi auditoriyanı maraqlandıran sualları cavablandıraraq Kəlbəcərin mövcud potensialı haqqında geniş məlumat verdi. Tədbirin sonunda “Şans” Regionlara Dəstək İctimai Birliyinin sədri, layihənin rəhbəri Natiq Heydərov bütün iştirakçılara, layihəni dəstəkləyən Azərbaycan Respublikasının QHT-yə Dövlət Dəstəyi Agentliyinə və bu işdə əməyi olan hər kəsə təşəkkür etdi. Tədbir xatirə şəkilləri çəkdirməklə yekunlaşdı. Xatırladırıq ki, layihənin növbəti tədbirləri kəlbəcərlilərin sıx məskunlaşdığı Gəncə şəhərində və Qəbələ rayonunda keçiriləcək.
"Cebheinfo.az"