Gözəllik “qurban” tələb edir: Sözün bütün mənalarında

Gözəllik “qurban” tələb edir: Sözün bütün mənalarında

Son dövrlərdə müxtəlif sosial şəbəkə platformalarında arıqlama məqsədilə təqdim olunan çay və qəhvə məhsullarının satışı geniş yayılıb.

Xüsusilə qısa müddətdə nəticə vəd edən, “təbii”, “yan təsirsiz” kimi təqdim olunan məhsullar bir çox insanın diqqətini çəkir. Lakin bu vasitələrin tərkibi, istehsal şəraiti və sağlamlığa təsiri hər zaman aydın olmur. 

Mütəxəssislər bildirirlər ki, nəzarətsiz satılan arıqlama məhsulları yalnız gözlənilən nəticəni verməməklə yanaşı, bəzi hallarda insan sağlamlığı üçün ciddi risklər yarada bilər. Bu səbəbdən belə məhsulların təhlükəsizliyinin necə qiymətləndirilməsi və istehlakçıların nələrə diqqət etməsi vacib məsələlərdən biridir.

Bəs arıqlama məhsullarının zərərləri nələrdir?

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova “Cebheinfo.az”a bildirib ki, müxtəlif sosial şəbəkə platformalarında arıqlama məqsədilə təqdim olunan çaylar, kofelər, həblər - bütün bunlar məhz biznes maraqları üçün hazırlanır: 

“Bu zaman isə insanları aldatmaq üçün ən çox istifadə etdikləri məlumat məhsulun bitki mənşəli olması ilə bağlıdır. Bir məhsulun bitki mənşəli olması onun zərərsiz və ya faydalı olması demək deyil. Çünki hər bir bitkinin müalicəvi xüsusiyyətləri ilə yanaşı, yan təsirləri də var.

Əgər bitki mənşəli hər hansısa çay insanın arıqlamasına səbəb olursa, bu, orqanizmin normal, təbii prosesinə müdaxilə yolu ilə pozulması deməkdir.

Çünki bəzən bu məhsullar insanlarda maddələr mübadiləsini sürətləndirir və süni şəkildə ishal, yaxud qusma hallarına səbəb olur. Bu isə orqanizmdən vitamin və mineralların yuyulub getməsi, eyni zamanda bağırsaq mikroflorasının pozulması ilə nəticələnir.

Belə olduğu halda insan orqanizmində immun çatışmazlığı yaranır ki, bu da müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Təbii ki, bu məhsullar kor-koranə, həkim məsləhəti olmadan istifadə edildikdə daha ciddi fəsadlara yol aça bilər.

Eyni zamanda mineral çatışmazlığı nəticəsində saç tökülməsi halları da baş verir. Bu və digər problemlər gələcəkdə sağlamlıqla bağlı əlavə risklər yarada bilər.

Digər bir məsələ isə insanlarda xüsusilə immun çatışmazlığına səbəb olan vitamin və mineral çatışmazlıqlarıdır. Bu zaman orqanlar öz funksiyalarını düzgün yerinə yetirə bilmir və müxtəlif xəstəliklərin yaranma riski artır. Süni şəkildə orqanizmə müdaxilə etmək uzunmüddətli fəsadlara səbəb ola bilər.

Həmçinin bu məhsulların reklamlar vasitəsilə satılmasıdır. Burada məhsulun mənşəyi, istehsalçı şirkət haqqında heç bir məlumat verilmir və xoşagəlməz hallar baş verdikdə insanlar kimə və hara müraciət edəcəklərini bilmir.

Bitki çayları adı altında bir çox məhsul satılır. Artıq illərdir ki, bəzi tanınmış şəxslər də bu məhsullardan istifadə edir və bu yolla insanların diqqətini cəlb etməyə çalışırlar.

Əgər bədən çəkimizi normada saxlamaq istəyiriksə, mütləq şəkildə sağlam qidalanmaya, gündəlik həyat tərzinə, yuxu rejiminə və fiziki aktivliyə diqqət etməliyik. Yalnız bu yolla sağlam çəkini qorumaq mümkündür.

Qalan bütün süni müdaxilələrin müəyyən fəsadları ola bilər. Bəzən insanlar tənbəllikdən və daha rahat yola üstünlük verdikləri üçün bu tip reklamlara aldanırlar.

İnsan anlamalıdır ki, bir neçə aya itirilməli olan 7-8 kiloqram çəkinin bir ayda itirilməsi sağlam hesab olunmur. Tez çəki itirilməsi çox vaxt dərinin sallanmasına da gətirib çıxara bilər və buna diqqət etmək lazımdır”.

O qeyd edib ki, tərkibi bitki mənşəli olan hər məhsula faydalı kimi yanaşmaq düzgün deyil: 

“Həmçinin belə məhsullarda həqiqətən bitki tərkibinin olub-olmaması belə bəzən şübhə doğurur”.

Aişə Abdulova
“Cebheinfo.az”