Yeni mərhələdə güclü başlanğıc

Yeni mərhələdə güclü başlanğıc

Cari ilin fevralında Prezident İlham Əliyevin sədrliyi ilə yeni rəqəmsal inkişaf strategiyasına həsr olunmuş müşavirə keçirilib və verilən tapşırıqlara uyğun olaraq rəqəmsal inkişaf üzrə Fəaliyyət Planı təsdiqlənib. 

Qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını əhatə edən Yol Xəritəsi müəyyənləşdirilib.

Bu istiqamətdə növbəti mühüm addım isə iyunun 29-da atılıb. Belə ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib.

Rəqəmsal İnkişaf Şurasının fəaliyyətə başlaması ölkənin informasiya texnologiyaları sektorunun inkişafına hansı real töhfələri verə bilər?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) üzrə ekspert Elvin Abbasov qeyd edib ki, Rəqəmsal İnkişaf Şurası bürokratik maneələrin aradan qaldırılmasına mühüm töhfə verəcək:

“Rəqəmsal İnkişaf Şurasının fəaliyyətə başlaması və prosesə ali dövlət səviyyəsində rəhbərlik edilməsi Azərbaycanın İT sektorunun strateji bir sənayeyə çevrilməsi yolunda ən mühüm institusional addımdır.

Bu ali qurum uzun illərdir İT sferasında mövcud olan dağınıqlığı və bürokratik maneələri aradan qaldıraraq rəqəmsallaşma layihələrinin vahid bir mərkəzdən koordinasiya olunmasını təmin edəcək, bu isə dövlət-özəl tərəfdaşlığı modellərinin və yerli rəqəmsal arxitektura layihələrinin icrasını xeyli sürətləndirəcəkdir”.

Onun sözlərinə görə, Rəqəmsal İnkişaf Şurası İT ekosistemini xarici asılılıqdan xilas edəcək:

“Şuranın dəstəyi ilə "tənzimləyici test mühiti" (“sandbox”) kimi müasir hüquqi mexanizmlərin yaradılması daxili bazarda xidmət göstərən startapların və İT şirkətlərinin innovativ həllərini real bazara çıxmazdan əvvəl təhlükəsiz şəkildə sınaqdan keçirməsinə qanuni zəmin yaradır.

Eyni zamanda, şuranın kadr çatışmazlığının aradan qaldırılmasına yönəlmiş regional rəqəmsal liderlik proqramları və yerli texnoloji layihələrin birbaşa maliyyələşdirilməsi mexanizmləri ölkənin intellektual potensialını artırmaqla yanaşı, Azərbaycanın İT ekosistemini xarici asılılıqdan xilas edərək regional rəqəmsal güc mərkəzinə çevrilməsinə real və praktik töhfələr verəcəkdir”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”