Qalibaf: “Hörmüz boğazını İran idarə edəcək”
İran danışıqlar qrupunun rəhbəri, Parlamentin sədri Məhəmməd Bağır Qalibaf Vaşinqtonun anlaşma memorandumunu həyata keçirənə qədər heç bir danışıqların aparılmayacağını deyib.
“Cebheinfo.az”-ın məlumatına görə, Qalibaf bu barədə İran milli televiziyasında çıxış edib.
O, İran və Omanın Hörmüz boğazı üzərində suverenliyə sahib olduğunu və boğazın İran tərəfindən idarə olunacağını bildirib.
“Hörmüz boğazı üzərində suverenlik İran və Omana məxsusdur.
Boğazda gəmilərin hərəkəti İran tərəfindən müəyyən edilmiş müqavilələrlə tənzimlənir. Əlbəttə ki, biz Fars körfəzinin sahil ölkələri ilə fikir mübadiləsi aparırıq”, - deyə Qalibaf bəyan edib.
Qalibafın sözlərinə görə, boğazdakı məhdudiyyətlər dedikdə, İran ABŞ-ni və sionist rejimi, eləcə də boğaza hərbi məqsədlərlə daxil olan hər kəsi nəzərdə tutur. O, Hörmüz boğazının təhlükəsizliyini təmin edəcəklərini vurğlayıb.
Qalibaf bildirib ki, gəmilərin Hörmüz boğazından sərbəst keçidi yalnız 60 günlük danışıqlar müddətində mümkündür və bundan sonra xidmət müqabilində ödəniş edilməsi sistemi tətbiq olunacaq.
Spiker İslamabad Anlaşma Memorandumunda Livan məsələsinin əsas yer tutduğunu qeyd edib.Məhəmməd Bağır Qalibaf əlavə edib ki, İslamabad Anlaşma Memorandumuna əməl olunana qədər İran digər danışıqlarda iştirak etməyəcək.
Müşfiq Abdulla
“Cebheinfo.az”

