ABŞ sanksiyalarına qarşı Kubadan radikal iqtisadi plan

ABŞ sanksiyalarına qarşı Kubadan radikal iqtisadi plan

ABŞ-nin embarqo və təhdidləri altında olan Kubada parlament özəl sektorun və xarici investisiyaların önünü açaraq ölkənin sosialist iqtisadi modelini köklü şəkildə dəyişdirəcək 176 maddəlik islahat paketini yekdilliklə qəbul edib. 

Plan iqtisadiyyatın xaricə açılmasını, bürokratik maneələrin azaldılmasını və bazar iqtisadiyyatı mexanizmlərinin tətbiqini nəzərdə tutur.

"Cebheinfo.az" xəbər verir ki, Prensa Latina-nın xəbərinə görə, ABŞ-nin iqtisadi və enerji sanksiyalarının təsirlərini yüngülləşdirmək məqsədilə Çin və Vyetnamın bazar iqtisadiyyatı modellərindən ilham alan islahatlarla Kuba iqtisadiyyatının canlandırılması hədəflənir. 

Təzyiqləri artıran Tramp administrasiyası fonunda Kuba son aylarda ciddi enerji böhranı, elektrik kəsintiləri, ərzaq və dərman qıtlığı ilə üzləşib.
Səsvermədən sonra çıxış edən Kuba Prezidenti Miguel Diaz-Kanel bildirib:

“Əziz Kubamız bu əsrin ən çətin dövrünü yaşayır və onu xilas etmək bizim tarixi məsuliyyətimizdir”.

ABŞ-lə dialoqa hazır olduqlarını vurğulayan Diaz-Kanel qeyd edib ki, islahat planı Kubanın öz milli qərarıdır və Vaşinqtonla mümkün danışıqlarla əlaqəli deyil.

Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin Fövqəladə Ümumi Qurultayının bağlanışında çıxış edən prezident Kubanın “misli görünməmiş imperialist mühasirə altında” olduğunu bildirib və Kuba İnqilabının lideri Fidel Kastronun sosial ədalət anlayışını qorumağa davam edəcəklərini vurğulayıb.

Nigar Hacılı 
"Cebheinfo.az"