Uitkoff İranla danışıqlar üçün İsveçrəyə gedib
ABŞ Prezidentinin sülh məsələləri üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff İranla mümkün danışıqlar üçün İsveçrəyə getdiyi iddia olunub.
"Cebheinfo.az" xəbər verir ki, Amerikanın “Axios” nəşrinin xəbərinə görə, adı açıqlanmayan ABŞ rəsmisi Stiven Uitkoffu İranla mümkün razılaşma üzrə ilk mərhələ danışıqlarının keçirilməsinin gözlənildiyi İsveçrəyə yollandığını bildirib.
Mənbə həmçinin ABŞ Prezidenti Donald Trampın kürəkəni, iş adamı Cared Kuşnerin hazırda İsveçrədə olduğunu iddia edib.
Adı açıqlanmayan başqa bir mənbə isə İran xarici işlər naziri Abbas Əraqçinin bu gün İsveçrəyə getməyi planlaşdırdığını, lakin planın dəyişə biləcəyini qeyd edib.
Məsələ ilə bağlı vasitəçilik edən ölkələrdən birinin mənbəsi də Əraqçinin bəzi həmkarlarına Livandakı atəşkəsin “İran üçün həyati məsələ olduğunu və bunun ABŞ-İran danışıqları baxımından ya hər şey, ya da heç nə anlamına gəldiyini” söylədiyini irəli sürüb.
Digər bir mənbə isə İran tərəfinin İsveçrəyə getməzdən əvvəl atəşkəsin tam şəkildə yerinə yetirilməsini istədiyini vurğuladığını iddia edib.
Nigar Hacılı
"Cebheinfo.az"


