Türkiyənin “3+3” israrı

Türkiyənin “3+3” israrı

Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada keçirdiyi görüşlər zamanı Cənubi Qafqazda əməkdaşlığın inkişafı üçün “3+3” regional əməkdaşlıq platformasının aktivləşdirilməsinin vacibliyini vurğulayıb. 

“Cebheinfo.az” Anadolu Agentliyinə istinadən xəbər verir ki, nazir bildirib ki, Türkiyə, Azərbaycan, Rusiya, İran, Ermənistan və Gürcüstanı bir araya gətirən bu format region ölkələri arasında əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm mexanizmdir.

O qeyd edib ki, rəqabət və üstünlük uğrunda mübarizə əvəzinə, regional dövlətlər qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verməlidirlər.

Türkiyə XİN rəhbərinin sözlərinə görə, tərəflər arasında müəyyən etimadsızlıqlar və maneələr olsa da, ortaq həll yollarının axtarışı davam edir. 

Fidan son dövrdə Azərbaycan–Türkiyə–Gürcüstan formatında keçirilən görüşləri xatırladaraq, xüsusilə nəqliyyat və logistika bağlantılarının inkişafı istiqamətində mühüm addımların müzakirə edildiyini bildirib.

Moskva səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşən Fidan, Ankaranın Cənubi Qafqazda sülh və rifahın bərqərar olmasına dəstəyini bir daha ifadə edib.

Türkiyə tərəfi hesab edir ki, “3+3” platforması regionda dialoqun və iqtisadi əməkdaşlığın genişlənməsi üçün əhəmiyyətli potensiala malikdir.

Yunis Abdullayev 
“Cebheinfo.az”