ABŞ və Qətər arasında 200 milyard dollarlıq saziş imzalanıb

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri zamanı ölkə rəhbəri Şeyx Məhəmməd bin Zeyd Əl Nəhyanla görüşüb.
"Cebheinfo.az" xəbər verir ki, tərəflər iqtisadi və texnoloji sahələrdə ümumi dəyəri 200 milyard dolları keçən yeni saziş imzalayıb.
Əsas diqqət süni intellekt sahəsinə yönəlib. İki ölkə bu istiqamətdə "ABŞ-BƏƏ Süni İntellekt Tərəfdaşlığı" adlı xüsusi təşəbbüsə start veriblər.
Razılaşmaya əsasən, BƏƏ ABŞ çip istehsalçısı "Nvidia"dan ildə 500 min ədəd süni intellekt üçün çip alacaq. Bu çiplər BƏƏ-də məlumat mərkəzlərinin qurulmasında və AI texnologiyalarının inkişafında istifadə olunacaq.
Eyni zamanda, BƏƏ "Etihad Airways Boeing" şirkətindən ümumi dəyəri 14,5 milyard dollar olan 28 yeni təyyarə alacaq. Onlar "GE Aerospace" mühərrikləri ilə təchiz olunacaq.
BƏƏ-nin "Emirates Global" aluminum şirkəti ABŞ-nin Oklahoma ştatında 4 milyard dollarlıq alüminium zavodu inşa edəcək. Enerji sahəsində isə BƏƏ-nin "ADNOC" şirkəti ABŞ-nin iri neft-qaz nəhəngləri, "ExxonMobil", "Occidental Petroleum" və "EOG Resources" ilə 60 milyard dollarlıq vəsait cəlb etməyə başlayacaq.
Tramp bu səfər çərçivəsində BƏƏ-də inşa edilən və ABŞ-dan kənarda ən böyük süni intellekt mərkəzi hesab olunan kampusun açılışında da iştirak edib.
Qeyd edək ki, Trampın Körfəz turu zamanı Qətərlə 42 milyard dollarlıq müdafiə razılaşması əldə olunub, “Qatar Airways” ABŞ-dən 210 ədəd "Boeing" təyyarəsi sifariş verib.
Səudiyyə Ərəbistanı isə ABŞ iqtisadiyyatına 600 milyard dollar sərmayə yatırmağı planlaşdırır və 142 milyard dollarlıq silah alışı ilə bağlı razılıq əldə olunub.
ABŞ administrasiyası bu əməkdaşlıqla Körfəz ölkələrini süni intellekt sahəsində Çin və ABŞ-dən sonra dünyanın üçüncü əsas güc mərkəzinə çevirmək istəyir.
Səbinə Uğur
"Cebheinfo.az"