Asiyada gərginlik yüksəldi

Asiyada gərginlik yüksəldi

Tailandın iki ölkə arasındakı sərhəd xəttinə yeni sərhəd nişanları yerləşdirdiyini irəli sürən Kamboca Banqkok administrasiyasına etiraz notası verib.

"Cebheinfo.az" xəbər verir ki, Kamboca Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi ölkənin Banteay Meançey əyalətinə bağlı Çouk Çey kəndində tailandlı rəsmilərin torpaq ölçmə işləri apardığını iddia edib.

Nazirliyin açıqlamasında qeyd olunub ki, 18-22 iyun tarixlərində təxminən 25 nəfərlik tailandlı heyət 9 avtomobillə sözügedən sərhəd xəttində müəyyənləşdirmə işləri apararaq əraziyə yeni nişanlar yerləşdirib.

Açıqlamada bu fəaliyyətin Kambocanın suverenliyini və ərazi bütövlüyünü pozduğu vurğulanaraq, Tailanda rəsmi etiraz notasının təqdim edildiyi bildirilib.

“Hüquqa zidd və təxribat xarakterli addımlar” kimi qiymətləndirilən bu fəaliyyətlərin dərhal dayandırılması tələb olunub.

Nigar Hacılı 
"Cebheinfo.az"