Kəndlilərin torpaqları birləşdirilir - Könüllü, yoxsa məcburi?
Azərbaycanda Torpaq Məcəlləsində, Mülki Məcəllədə, "Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında", "Torpaq bazarı haqqında" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlarda dəyişiklik edilməsi nəzərdə tutulur.
Müvafiq qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasına müzakirəyə çıxarılıb. Sənəd kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası üçün hüquqi baza yaradılmasını nəzərdə tutur.
Qeyd edək ki, torpaqların konsolidasiyası son günlər aktual məsələlərdən biridir. Bəzi mütəxəssislər bu prosesin ölkədə kənd təsərrüfatının inkişafı, fermerlərin fəaliyyətinin genişlənməsində mühüm rolunun olacağını bildirsələr də, bəzi ekspertlər kollektiv deyil, fərdi təsərrüfatın daha məqsədəuyğun olduğu qənaətindədirlər.
Maraqlıdır, konsolidasiya könüllü həyata keçiriləcək, yoxsa vətəndaşlar bu prosesə məcburi cəlb ediləcəklər?
Məsələ ilə bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Cebheinfo.az”-a bildirib ki, Torpaq Məcəlləsində və Mülki Məcəllədə, “Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların manitorinqi və yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarına edilmiş dəyişikliklər bilavasitə kənd təsərrüfatında məhsuldarlığın artırılmasına, torpaqlardan səmərəli istifadə olunmasına, ərzaq təhlükəsizliyinin təmin edilməsinə, məhsul bolluğu yaradılmasına, əhalinin kəndlərdə möhkəmlənməsinə xidmət edir:
“Məlum olduğu kimi, iri təsərrüfatlara nisbətən kiçik təsərrüfatlar özlərini doğrultmur. Bu təsərrüfatlarda məhsuldarlıq aşağı olur, bəzi çətinliklər yaranır. Bu da həm dövləti, həm də sahibkarları ciddi düşündürür. Torpaqların parçalanması, kiçik əkin sahələri, torpağın əkin məqsədilə istifadəsini azaldır.
Texnikadan, sudan, təbii ehtiyatlardan, gübrədən, toxumlardan və digər aqrotexniki vasitələrdən səmərəli istifadəni çətinləşdirir ki, bu da kənd təsərrüfatının inkişafına mane olur. Bu sahəyə dair xüsusi hüquqi tənzimləmənin olmaması, torpaqların konsolidasiyasının bölgə miqyaslı tam həyata keçirilməsinin qarşısını aldığı üçün Torpaq Məcəlləsinə müəyyən maddə əlavə edilir.
Həmin maddə torpaqların konsolidasiyasının, kənd təsərrüfatı məqsədilə torpaq mülkiyyətinin razılıq və ekvivalent bazarı dəyəri əsasında birləşdirilməsi, bölünməsi, sərhədlərinin yenidən müəyyən olunması, dəyişdirilməsi nəticəsində mülkiyyət hüququnun yenidən rəsmiləşdirilməsini müəyyən edir.
Bu, çox düzgün bir gedişdir. Çünki bu gün kiçik torpaqlarda, 1-3 hektarda əkilən bitkilər məhsuldarlıq görülən işlərin səmərəliliyi baxımından o qədər də faydalı deyil, yaxşı nəticələr vermir.
Əlbəttə ki, bu torpaqların birləşdirilməsi könüllülük əsasında həyata keçirilir, məcburi deyil. Çünki o xüsusi mülkiyyətdə olan torpaqdır. Ancaq reallığı nəzərə alsaq, mütləq bu torpaqlar birləşdi
rilməlidir. Çünki elə ailə var ki, ona 5 hektar torpaq sahəsi verilib və ailə üzvlərinin hər birinə 1 hektar torpaq sahəsi düşür. O da istəyir ki, öz torpağının sahibi olsun. Ancaq bu, çox çətindir. Həmin əraziyə texnikanın gəlməsi, suyun gətirilməsi, işlərin görülməsi səmərəli deyil, məhsuldarlığı aşağı salır”.
Millət vəkilinin sözlərinə görə, bu torpaqlar dövlət ehtiyacları üçün özəlləşdirmə halları istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların alqı-satqısı və digər özəlləşdirmə halları nəticəsində bölünməsinə yalnız bölünmə nəticəsində yaranan hər bir torpaq sahəsinin ölçüsü 5 hektardan az olmaqla yol verilir:
“Əgər vətəndaşın 5 hektar torpağı varsa, onu xırda-xırda bölə bilməz. Əgər istəyirsə, torpağı alqı-satqı predmetinə çevirsin, satıb, həmin ailə üzvləri arasında vəsaiti bölə bilər.
Ancaq 1-2 hektara bölüb, istifadə etməklə heç nə əldə edə bilməz. Ona görə də konsolidasiya prinsipinin həyata keçirilməsi bilavasitə sahibkarın özü üçün də faydalıdır.
Əsas məqsəd odur ki, bu prinsip könüllük prinsipi əsasında həyata keçirilsin. Kiçik torpaqlar birləşdirilsin, onların parçalanmasına yol verilməsin. Bu da gələcək inkişaf üçün çox faydalıdır. Həm də məhsuldarlığın artırılması, sahibkarların əlavə gəlir əldə etməsi, işlərin səmərəli getməsi baxımından çox əhəmiyyətlidir”.
Nigar Abdullayeva
“Cebheinfo.az”


