Daha bir ölkədə isti həyəcanı

Daha bir ölkədə isti həyəcanı

Belçikada təsirini davam etdirən anomal isti hava dalğası ilə əlaqədar olaraq, Lyej və Limburq şəhərlərində sabah üçün ən yüksək səviyyə sayılan "qırmızı xəbərdarlıq" (həyəcan təbili) elan olunub.

"Cebheinfo.az" xəbər verir ki, Belçika Krallıq Meteorologiya İnstitutu (IRM) iyunun 26-da ölkənin şərqində hava temperaturunun 40 dərəcəyə çatacağını açıqlayıb.

Açıqlamada anomal isti hava şəraiti səbəbindən Lyej və Limburqda cümə günü boyunca "qırmızı xəbərdarlıq" rejiminin tətbiq ediləcəyi, ölkənin digər bölgələrində isə ən azı şənbə gününədək "narıncı xəbərdarlıq" rejiminin qüvvədə qalacağı bildirilib.

"Qırmızı xəbərdarlıq" çərçivəsində bələdiyyələr və səhiyyə müəssisələri anomal isti hava ilə mübarizə üzrə fəaliyyət planlarını işə salıblar. Bu çərçivədə yaşlı və tənha yaşayan insanların vəziyyətinin yoxlanılması, qocalar evlərində əlavə tədbirlərin görülməsi, açıq havada işləyənlərin qorunmasına yönəlmiş təhlükəsizlik tədbirlərinin artırılması və vətəndaşların günün ən isti saatlarında çölə çıxmamaları barədə xəbərdarlıqlar edilir.

Belçika daxilində bu gün temperaturun 33-38 dərəcə arasında dəyişəcəyi gözlənilir.

Gecə vaxtı da temperaturların qeyri-adi dərəcədə yüksək olduğu Belçikanın böyük şəhərlərində hava şəraiti səhər tezdən belə 25-27 dərəcədən aşağı düşmür.

Anomal istilər səbəbindən bəzi məktəb və uşaq bağçalarında iş saatları yenidən tənzimlənib, dəmir yolu nəqliyyatında isə istiyə bağlı fasilələr və ləngimələr yaranır.

Digər tərəfdən, iyunun 24-də Brüsselin Ukkel  bələdiyyəsində 34 dərəcə isti qeydə alınmaqla 1976-cı ilə aid rekord təzələnib.

Meteoroloqlar yaxın günlərdə temperaturların daha da yüksələcəyini, iyun ayı üçün yeni isti hava rekordlarının qırıla biləcəyini, həmçinin ölkə tarixinin ən isti iyun günü, ən isti gecəsi və həftəsinin yaşana biləcəyini qeyd edirlər.

Nigar Hacılı 
"Cebheinfo.az"