Kim geri qayıdacaq: Azərbaycanlılar, yoxsa ermənilər?
ABŞ Konqresində keçirilən beynəlxalq konfransın iştirakçıları Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdış hüququnun təmini ilə bağlı Konqres üzvlərinə müraciət ünvanlayıblar.
Müraciətdə beynəlxalq ictimaiyyət Qərbi azərbaycanlıların təhlükəsiz, könüllü və ləyaqətli şəkildə qayıdışına dəstək verməyə çağırılıb. Konfrans iştirakçıları beynəlxalq ictimaiyyətin Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışına dəstək verməsi, onların mülkiyyət hüquqlarının bərpası və mədəni irsinin qorunmasına yardım göstərməsi ilə bağlı gözləntilərini ifadə ediblər.
Müraciətdə qeyd olunub ki, qayıdış hüququ beynəlxalq hüququn fundamental prinsiplərindən biridir və bu hüququn təmin olunması selektiv yanaşmalardan kənar həyata keçirilməlidir.
Sənəddə ABŞ Konqresi üzvləri Qərbi azərbaycanlıların üzləşdiyi problemlərə və onların qayıdış hüququ ilə bağlı səsləndirilən faktlara ciddi diqqət yetirməyə çağırılıb. Konqres üzvlərindən bu məsələ ilə bağlı dinləmələr, brifinqlər və məsləhətləşmələr təşkil etmələri, aidiyyəti icmalarla birbaşa dialoqu təşviq etmələri və insan hüquqları prinsiplərinin ardıcıl tətbiqinə dəstək vermələri xahiş olunub.
Xatırladaq ki, Vaşinqtonda Konqres binasında "Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: ikili standartlar və selektiv yanaşmalar" mövzusunda beynəlxalq konfrans keçirilib. Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə baş tutan konfrans azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmasına dair ABŞ Konqresində keçirilən ilk belə tədbirdir.
ABŞ Konqresində dinləmələrin və brifinqlərin keçirilməsi qayıdış məsələsinin gündəmdə saxlanılmasına necə təsir edə bilər?
“Cebheinfo.az”-a danışan siyasi analitik Orxan Amaşov bildirib ki, Qərbi Azərbaycan məsələsi yaşadılır və gündəmdə saxlanılır.

O qeyd edib ki, Qərbi Azərbaycan kimliyimizin əsas hissəsidir:
“Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən bir tədbirdir. Bu, mövzunu gündəmdə saxlayır. Bakı Təşəbbüs Qrupu, ümumiyyətlə, bu qəbildən olan məsələlərə diqqət yetirir, dünyanın müxtəlif yerlərində hüquqları pozulmuş xalqların problemlərini gündəmə gətirir. Kolonial idarəçilik altında olan xalqların taleyi ilə maraqlanır.
Bu, Bakı Təşəbbüs Qrupunun mərkəzləşdiyi və yerləşdiyi Azərbaycan üçün önəmli bir məsələdir. Bu, dövlətlərarası və 8 avqust sülh gündəliyinin bir parçası deyil. Bu, həmin gündəlikdən kənarda olan bir məsələdir. Bakı Təşəbbüs Qrupu və Qərbi Azərbaycan İcması bu məsələləri gündəmə gətirir və yaşadır.
Qərbi Azərbaycan deyəndə, təkcə bugünkü müasir Ermənistanın ərazisini fiziki baxımdan başa düşmürük. Biz daha geniş, dərin və metafizik bir anlayışdan bəhs edirik. Bu anlayışda bizim mədəniyyətimiz, keçmişimiz, hüquqlarımız və bugünkü kimliyimizin əsas hissəsi dayanır”.
Siyasi analitik əlavə edib ki, Qərbi Azərbaycana qayıdış məsələsi daim gündəmdə saxlanılmalıdır:
“Təbii ki, bu baxımdan Qərbi azərbaycanlıların məsələsi beynəlxalq hüquqda geri qayıdış hüququ kontekstində başa düşülməlidir. Onların Ermənistan dövlətinə qayıdışı qaçqın hüququ çərçivəsində həyata keçirilə bilər.
Bunun üçün də zaman gələcək. Birincisi, mövzunu gündəmdə saxlamalıyıq. Danışılmayanda mövzu unudulur. Bu məsələ özlüyündə bizim üçün vacibdir. Amma digər tərəfdən Qarabağla bağlı ermənilərin və bəzi qurumların vaxtaşırı dilə gətirdiyi geri qayıtma məsələsinə münasibətdə də bu, bir xatırlatmadır.
Əgər siz Azərbaycanın müxtəlif hissələrində vaxtilə yaşamış ermənilərin həmin ərazilərə geri qayıdışını müzakirə edirsinizsə, ümumilikdə azərbaycanlıların Qərbi Azərbaycana, yəni bugünkü müasir Ermənistan ərazisinə qayıdışı məsələsi də var. Bu aspekt də olduqca önəmlidir”.
Orxan Amaşov vurğulayıb ki, azərbaycanlıların qayıdış məsələsində hüquqi əsasları daha güclüdür:
“Azərbaycanlılar istənilən halda Qərbi Azərbaycana qayıtmalıdırlar. Bu qayıdış isə tədricən baş verə bilər. Əvvəlcə münasibətlər normallaşmalı, gəliş-gediş artmalıdır. Ondan sonra isə daha dərin inteqrasiya baş verdikcə, regionda bu məsələlər fərqli istiqamətdə də həll oluna bilər. Bu, çox incə bir nüansdır.
Biz Qərbi Azərbaycan məsələsini yalnız ona görə gündəmdə saxlamırıq ki, ermənilər Qarabağdan danışırlar. Eyni zamanda, onların Qarabağla bağlı səsləndirdikləri məsələlər.
Əslində, individual şəkildə hər bir Qarabağ ermənisi Azərbaycan vətəndaşı olmaq üçün müraciət edə bilər. Bu, fərdi qaydada mümkündür. Amma kütləvi şəkildə qayıdışdan söhbət gedə bilməz.
Bu, eyni zamanda onlara bir xatırlatmadır ki, əgər söhbət kiminsə hansısa ölkəyə qayıtmasından gedirsə, azərbaycanlıların bu məsələdə hüquqi arqumentləri daha güclüdür. Bunu əsas kimi görməməli, əlavə gücləndirici amil kimi nəzərdən keçirməliyik”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”


